Qarabağ bürosunun xəbərinə görə, tədbirdə çıxış edən millət vəkili Elxan Süleymanov bildirib ki, mövcud vəziyyətlə bağlı beynəlxalq təşkilatlar qarşısında, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Sədarət Komitəsində Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi təsdiqlənib.
Onun sözlərinə görə, işğal altındakı Sərsəng su anbarı 20 ildən çoxdur təmir edilmədiyindən, ciddi təhlükə mənbəyinə çevrilib: “İstismar müddətini başa vuran qurğular və su bəndinin hər an sıradan çıxma təhlükəsi yaranıb. Bu isə o deməkdir ki, sözügedən anbarda suyun həcminin kəskin artması işğal olunmuş Azərbaycan əraziləri ilə qonşu rayonlarda ekoloji fəlakət qaçılmazdır. Digər tərəfdən, Sərsəngin suyunun ermənilər tərəfindən lazımsız yerlərə axıdılması cəbhəyanı rayonların iqtisadiyyatına ciddi zərər vurur”.
Konfransda o da bildirilib ki, erməni tərəfi su anbarından birgə istifadə kimi hiyləgər ideya ortaya atıb və çalışır ki, bunu hər iki tərəfin dinc əhalisini sülhə hazırlama layihəsinin tərkib hissəsi kimi təqdim etsin. Amma faktiki vəziyyət beynəlxalq aləmi də ciddi narahat edir.
Almaniya Bundestaqının sabiq deputatı Haqqı Kəskin bildirib ki, bu problem dünya ictimaiyyətini ciddi narahat edir: “İndi Sərsəng su anbarının hər hansı bir formada qəzaya uğraması və ya hər hansı bir təxribat nəticəsində Azərbaycan xalqının və Azərbaycan torpaqlarının önəmli bir hissəsinin böyük zərərlə üzləşəcəyi qaçılmazdır. Beynəlxalq bir komissiya qurulmalıdır. Bu komissiya Sərsəng su anbarının mövcud vəziyyətini araşdırıb, təhqiq edib dünya ictimaiyyətinə çatdırmalıdır. Bundan sonra bütün zəruri addımlar atılmalıdır”.
Almaniyalı mütəxəssisin sözlərinə görə, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla yanaşı, mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalını artırır: “Azərbaycanın təxminən 400 mindən artıq mülki əhalisinin həyatı hazırda Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı təhlükə altındadır. Buna baxmayaraq, Ermənistan tərəfi heç bir beynəlxalq sənədə, qəbul olunmuş qərara məhəl qoymur. Ermənistan BMT-nin, Avropa Birliyinin, Avropa Parlamentinin, Almaniya Parlamentinin qərarlarına məhəl qoymur. Hansı ki, mən Almaniya Bundestaqının millət vəkili olarkən belə bir qərar çıxarılmışdı. Bu vəziyyət heç də qəbuledilən deyil. Buna görə də nə olursa-olsun, Ermənistan tərəfi Azərbaycan torpaqlarını birmənalı şəkildə boşaltmalıdır və o üzdən də indi müzakirə olunan Sərsəng su anbarındakı vəziyyət çox önəmlidir”.
Xatırladaq ki, işğalçı ermənilər qışda suyu Sərsəng su anbarından buraxır və bunun nəticəsində təmas xəttinin yaşayış olan hissəsində torpaqlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə suyun qarşısı kəsilir. Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurulur, əkin sahələrinin suvarılmasında problemlər yaranır, yaşıllıqlar quruyaraq məhv olur, torpağın bioloji strukturunda dönməz proseslər baş verir, bölgədə ciddi ekoloji gərginlik yaranır. /apa/