T. Akyol Ə. Davudoğluna “Qarabağ məsələsini ağzınıza almadanmı Ermənistanla masaya oturdunuz” sualını ünvanlayıb. Nazir bu suala cavab verərkən Cümhuriyyət Xalq Partiyasının sədr müavini, keçmiş səfir Onur Öymənlə söhbətindən misal gətirib. Ə. Davudoğlu bu söhbətdə O. Öyməndən soruşub: “Siz uzun illər Türkiyə Xarici İşlər Nazirliyində çalışmısınız. Nazirliyimizin Qarabağ və 1915-ci il məsələsini gündəmə gətirmədən masaya oturduğuna inanırsınızmı?” O. Öymən “xeyr” cavabını verib. T. Akyolun fikrincə, İsveçrədə Ermənistanla aparılmış gizli danışıqlarda erməni işğalı və tarixi məsələlər də müzakirə olunub: “Bəs bunlar niyə protokollarda əksini tapmayıb? Davudoğlu yazmamaq şərti ilə bizə bu barədə məlumat verdikdən sonra diplomatiyadakı “konstruktiv qeyri-müəyyənlik” (constructive ambiguity) üsulunu xatırlatdı – mətni qeyri-müəyyən yazaraq yola çıxmaq və sonra addım-addım irəliləmək. Doğrudan da daha öncə də dəfələrlə yazdığım kimi, protokollarda həm Qarabağ məsələsi, həm də tarixlə bağlı mübahisələrə dair ümumi prinsiplər var. Azərbaycan Türkiyənin 24 aprel təhlükəsini sovuşdurmaq üçün Qarabağı satmasından narahat olmuşdu. Ermənistan isə gözləyirdi ki, o, protokolları dondurduqdan sonra Türkiyə təlaşlanaraq Obama “soyqırım” sözünü işlətməsin deyə protokolları ratifikasiya edəcək – həm də Qarabağ məsələsinin həlli istiqamətində bir addım belə atılmadan. Ermənistan ABŞ-Türkiyə münasibətlərinin korlanmasını da gözləyirdi. Amma bunların heç biri olmadı. Davudoğlu haqlı olaraq “24 aprel prosesini yaxşı idarə etdik” deyir. Nəyin olmayacağını hər kəs gördü, indi daha real zəmində “sakin diplomatiya” davam edir”.
Ə. Davudoğlu protokollar məsələsində bir neçə ay ərzində müsbət inkişaf olacağını, eyni zamanda yaxın günlərdə Azərbaycanla enerji anlaşması imzalanacağını da açıqlayıb: “Baş nazir Baklıya gedərək anlaşmaya imza atacaq. Aramızda hər mövzuda tam etimad var”.