Türkiyə Xarici İşlər Nazirliyi Qarabağı dilə gətirmədən masaya oturmaz

“Ermənistanla imzalanmış protokollar ölməyib. Soyuducuya qoyulduğunu deyə bilərsiniz. Prosesləri təhlil etsəniz, bir il əvvəlki vəziyyətlə müqayisədə Ermənistanla münasibətlərimizin daha yaxşı olduğunu görərsiniz. Azərbaycanla münasibətlərimiz də əvvəlkindən daha yaxşıdır”.
APA-nın xəbərinə görə, bu sözləri mayın 5-də Ukraynaya gedən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu təyyarədə “Milliyet” qəzetinin yazarı Taha Akyola açıqlamasında deyib. T. Akyol nazirin sözlərindən belə nəticəyə gəlib ki, tərəflər arasındakı şifahi razılaşmaya əsasən bir neçə ay sakit diplomatiya aparılacaq və ölkə ictimaiyyətlərini həyəcanlandıracaq açıqlamalar verilməyəcək. Sonra isə həm protokolların taleyi, həm də Qarabağ probleminin həlli istiqamətində müsbət addımlar atılmağa başlanacaq.

T. Akyol Ə. Davudoğluna “Qarabağ məsələsini ağzınıza almadanmı Ermənistanla masaya oturdunuz” sualını ünvanlayıb. Nazir bu suala cavab verərkən Cümhuriyyət Xalq Partiyasının sədr müavini, keçmiş səfir Onur Öymənlə söhbətindən misal gətirib. Ə. Davudoğlu bu söhbətdə O. Öyməndən soruşub: “Siz uzun illər Türkiyə Xarici İşlər Nazirliyində çalışmısınız. Nazirliyimizin Qarabağ və 1915-ci il məsələsini gündəmə gətirmədən masaya oturduğuna inanırsınızmı?” O. Öymən “xeyr” cavabını verib. T. Akyolun fikrincə, İsveçrədə Ermənistanla aparılmış gizli danışıqlarda erməni işğalı və tarixi məsələlər də müzakirə olunub: “Bəs bunlar niyə protokollarda əksini tapmayıb? Davudoğlu yazmamaq şərti ilə bizə bu barədə məlumat verdikdən sonra diplomatiyadakı “konstruktiv qeyri-müəyyənlik” (constructive ambiguity) üsulunu xatırlatdı – mətni qeyri-müəyyən yazaraq yola çıxmaq və sonra addım-addım irəliləmək. Doğrudan da daha öncə də dəfələrlə yazdığım kimi, protokollarda həm Qarabağ məsələsi, həm də tarixlə bağlı mübahisələrə dair ümumi prinsiplər var. Azərbaycan Türkiyənin 24 aprel təhlükəsini sovuşdurmaq üçün Qarabağı satmasından narahat olmuşdu. Ermənistan isə gözləyirdi ki, o, protokolları dondurduqdan sonra Türkiyə təlaşlanaraq Obama “soyqırım” sözünü işlətməsin deyə protokolları ratifikasiya edəcək – həm də Qarabağ məsələsinin həlli istiqamətində bir addım belə atılmadan. Ermənistan ABŞ-Türkiyə münasibətlərinin korlanmasını da gözləyirdi. Amma bunların heç biri olmadı. Davudoğlu haqlı olaraq “24 aprel prosesini yaxşı idarə etdik” deyir. Nəyin olmayacağını hər kəs gördü, indi daha real zəmində “sakin diplomatiya” davam edir”.

Ə. Davudoğlu protokollar məsələsində bir neçə ay ərzində müsbət inkişaf olacağını, eyni zamanda yaxın günlərdə Azərbaycanla enerji anlaşması imzalanacağını da açıqlayıb: “Baş nazir Baklıya gedərək anlaşmaya imza atacaq. Aramızda hər mövzuda tam etimad var”.