“O Türkiyəyə yola salınanda yaraları kifayət qədər ağır idi”…
“O Türkiyəyə yola salınanda yaraları kifayət qədər ağır idi”.
Yaralı əsgərlərimizin müalicələri eyni kurs üzrə çox uğurla davam edir. Yaxınları onların yanındadır.
Oxu.Az-ın məlumatına görə, bu barədə modern.az-a Türkiyənin baş nazirliyinə bağlı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyindən (TİKA) məlumat verilib.
TİKA rəsmisinin verdiyi məlumata görə, əsgərlərin müalicələrinin baş çatması barədə hər hansı məlumat yoxdur: “Nəzərə almaq lazımdır ki, onlar Türkiyəyə yola salınanda yaraları kifayət qədər ağır idi”.
Atəşkəsin pozulması nəticəsində bir gözünü itirən əsgərimiz Ədalət Məmmədova Türkiyədə olduğu müddətdə protez göz taxılması nəzərdə tutulub: “Onun protez göz taxılaraq vətənə qayıtması nəzərdə tutulub. Adaptasiya prosesi protezi bədənin necə qəbul etməsindən asılı olacaq. Burda şəxsin psixoloji olaraq buna hazır olması da vacib məsələdir”.
TİKA nümayəndəsinin sözlərinə görə, erməni gülləsinə tuş gələrək ayaqlarını itirən Sərxan Tahirzadəyə artıq protez ayaq taxılıb, indi adaptasiya dövründədir: “Elvin Əsgərzadənin də vəziyyəti yaxşıdır. Ağır yaralanmasına baxmayaraq, onun amputasiya, protez kimi problemləri yox idi”.
Qeyd edək ki, avqust ayının əvvəllərində erməni silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində yaralanan 3 Azərbaycan əsgəri TİKA-nın dəstəyilə müalicə olunmaq üçün qardaş Türkiyəyə yola salınıb.