Türkiyənin bir sıra şəhərlərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidələrin açılışı olacaq

Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər hazırlanır…

Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər hazırlanır.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxt Ankaranın Keçiörən bələdiyyəsində, İstanbul şəhərində, Uşak vilayətində və digər bölgələrdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidələrin açılış mərasimləri olacaq.

Azərbaycanın millət vəkilləri həmin tədbirlərdə yaxından iştirak edəcəklər. Bu məqsədlə Elman Məmmədov və Aqil Abbasov fevralın 18-dən 27-dək İstanbul şəhərində olacaq, nüfuzlu elm və təhsil ocaqlarında, bələdiyyələrdə, ictimai qurumlarda təşkil edilən anma mərasimlərinə qatılacaqlar.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüstəm Xəlilov isə fevralın 24-dən 27-dək Ankarada səfərdə olacaqlar. Deputatlarımız tədbirlərdə Xocalı faciəsi barədə ətraflı məlumat verəcək, XX əsrin bu dəhşətli qətliamına dair sənədləri nümayiş etdirəcək, mövcud faktları bir daha Türkiyə ictimaiyyətinin nəzərinə çatdıracaqlar.

/Trend/