Ukrayna BVF-dən ilk tranşı aldı

Vəsaitin əksər hissəsi büdcədəki çatışmazlığı aradan qaldırmaq üçün istifadə ediləcək…

Vəsaitin əksər hissəsi büdcədəki çatışmazlığı aradan qaldırmaq üçün istifadə ediləcək.

Kiyev BVF-dən Ukraynaya verilən kredit çərçivəsində üç milyard dollardan artıq vəsait alıb. 

Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə may ayının 7-də ölkənin Milli Bankının mətbuat xidmətində bildiriblər.

“Birinci tranşın bütün vəsaiti Ukraynaya may ayının 6-da planlaşdırılmış həcmdə daxil olub, biz bu faktı təsdiqləyirik”, – mətbuat xidmətində bəyan ediblər.

Tranş vəsaiti 2,058 milyard SDR (mənimsəmənin xüsusi haqları) və ya üç milyard dollardan çoxdur. 

Bu vəsaitin iki milyard dollara qədəri büdcənin maliyyələşdirilməsinə, qalanı isə Ukraynanın beynəlxalq rezervlərinə yatırılması planlaşdırılır.

BVF-nin icra heyəti daha öncə Ukraynaya 17 milyard dollar həcmində kreditin verilməsi üçün iki illik proqram təsdiq edib. Beynəlxalq Valyuta Fondunun bəyanatına görə ikinci və üçüncü ödəmənin müddəti effektiv meyarlarının monitorinqinin nəticələrindən sonra müəyyən ediləcək.

www.oxu.az