Ukrayna maksimum səy göstərəcək ki, Dağlıq Qarabağ münaqişəsi 2013-cü ildə Ukrayna ATƏT-də sədrlik edən zaman nizamlansın. Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Viktor Yanukoviç öz erməni həmkarı ilə mətbuat konfransında deyib. Məlumatı RBK-Ukrayna yayıb.
“Biz ATƏT-in Minsk qrupunun üzvü deyilik, lakin bizim həm Azərbaycan, həm də Ermənistanla gözəl tərəfdaşlıq, dostluq, ticari-iqtisadi münasibətlərimiz var və bu münaqişənin dinc yolla həlli bizim marağımızdadır, Ukrayna xalqının marağındadır “, – Yanukoviç bildirib.
Ermənistan Prezidenti Serj Sarkisyan qeyd edib ki, Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş ola bilərdi, lakin baş tutmadı.
“Mən hesab edirəm ki, ən azı bir imkan əldən buraxılıb. Bu o demək deyil ki, danışıqlar prosesi başa çatıb və biz danışıqları davam etdirməyəcəyik. Bu o deməkdir ki, biz ən azı yeni görüşədək olan müddəti itirmişik “, – Ermənistan Prezidenti bildirib. Trend.