Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru: “Deportasiya edilən azərbaycanlı yoxdur”

Moskvanın Qərbi Biryulevo rayonunda miqrasiya qanunvericiliyinin pozulmasına görə saxlanılmış 200 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb…

Moskvanın Qərbi Biryulevo rayonunda miqrasiya qanunvericiliyinin pozulmasına görə saxlanılmış 200 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Məhkəmə İcraçıları Xidməti açıqlayıb. Xidmətdən bildiriblər ki, qeyri-leqal miqrantların deportasiyası prosesi davam edir. Ümumrusiya Azərbaycan Konqresi icraçı direktoru İlqar Haciyev isə APA-ya açıqlamasında bildirib ki, Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin yaydığı məlumat köhnədir. O deyib ki, olaylar baş verən zaman saxlanılanlarla bağlı yoxlamalar aparılıb, müvafiq addımlar atılıb: “O vaxt saxlanılanların hamısı buraxılmışdı. Həm də həmin vaxt saxlanılanların əhəmiyyətli hissəsi mağazaların şüşələrini sındırmış, tərəvəz məhsullarını dağıdaraq yerə tökmüş, vəhşiliklərə yol vermiş “skinhed”lər idi. Təxminən 30-a qədər “skinhed” saxlanılmışdı. Sonradan evlərdə qeyri-qanuni miqrantların olub-olmaması ilə bağlı yoxlamalar da aparılmışdı”.

 

İlqar Hacıyev bu günlərdə deportasiya edilənlər arasında azərbaycanlıların olduğu barədə onlara müraciət daxil olmadığını da söyləyib: “Deportasiya edilən azərbaycanlılar yoxdur ”. /APA/