Vaqif Dərgahlı ermənilərin Facebook-da yaydığı məlumatlardan danışdı

“Böyük təəssüf hissi doğurur”…

“Böyük təəssüf hissi doğurur”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən sentyabrın 24-də imzalanmış “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamından sonra keçən müddət ərzində KİV-in hərbi sahəyə aid məlumatları işıqlandırması ümumilikdə məqbul qiymətləndirilə bilər.

Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” mövzusunda keçirilən tədbirdə bildirib.

V.Dərgahlı qeyd edib ki, bu müddət ərzində media ordu ilə bağlı məlumatları daha həssas, daha təmkinli, daha ciddi qəbul edir və demək olar ki, əksər kütləvi informasiya vasitələri ordu ilə bağlı məlumatları Müdafiə Nazirliyi ilə dəqiqləşdirir: 

“Biz bunu çox müsbət dəyərləndiririk. Jurnalistlərin bəziləri məlumatları yaymaq üçün bizimlə dəqiqləşdirmə aparır. Bəziləri məlumatları yaymaq üçün deyil, onları Müdafiə Nazirliyinə tədbir görülməsi üçün çatdırır. Jurnalistlərin bəziləri isə düşmən tərəfinə bizim daha tez reaksiya verməyimiz üçün Müdafiə Nazirliyini məlumatlandırır”.

Eyni zamanda Vaqif Dərgahlı əlavə edib ki, bəzi elektron informasiya resursları yenə də ermənilərin Facebook-da yaydıqları xəbərlərdən istifadə etməklə məlumatlar yayırlar ki, bu da böyük təəssüf hissi doğurur.

Nazirlik rəsmisi qeyd edib ki, Müdafiə Nazirliyi bu müddət ərzində bir sıra məlumatların yayılması sahəsində Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mətbuat Şurası ilə qarşılıqlı əlaqələr və koordinasiyalı fəaliyyətlər qurub.

www.oxu.az