Vladimir Georgiev: Naxçıvanda öyrəndiklərimiz əsasında Azərbaycanın 8 rayonundakı 40 kəhrizdə bərpa işləri görüləcək

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində qonaqlara su mənbələrindən istifadədə əldə edilən təcrübə barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, muxtar respublikada əhalinin su ilə təmin olunması üçün 31 su anbarı tikilib, 100-dən artıq nasos stansiyaları quraşdırılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri, Qanat və Tarixi Hidravlik Strukturlar üzrə Beynəlxalq Mərkəzin mütəxəssisləri muxtar respublikada kəhrizlərin bərpasında qazanılan təcrübənin öyrənilməsi məqsədilə Naxçıvanda üçgünlük səfərdə olublar.

Diqqətə çatdırılıb ki, muxtar respublikada 386 kəhriz var. Həmin kəhrizlərin 335-i işlək vəziyyətdədir. Hazırda Kəngərli və Ordubad rayonlarında 5 kəhrizdə təmir işləri aparılır.

Səfər müddətində qonaqlar Kəngərli rayonunun Çalxanqala kəndində Baş bulaq, Qarabağlar kəndində Torxuc, Bəydilli, Bostanlar-1 və digər kəhrizlərdə aparılan təmir işləri ilə tanış olublar. Onlar, həmçinin Ordubad rayonunun Yuxarı Əylis kəndində Bəyləlov, Aşağı Əylis kəndində Çiçək, Ordubad şəhərindəki Qırxpillə, Töyənək, Məmməd Sadiq, Hacı Əhməd və Hacı Fəttah kəhrizlərində aparılan təmir-bərpa işləri, eləcə də kəhriz sistemlərinin quruluşu, tarixi ilə yaxından maraqlanıblar.

Nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində də olublar.

Qonaqların Naxçıvan şəhərindəki Qələndər, Kalba Musa, Naxçıvanqala kəhrizləri ilə tanışlığı da maraqlı anlarla yadda qalıb.

Qonaqlar AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibələrində səfərlərinin məqsədi və mahiyyəti barədə danışıblar.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Vladimir Georgiev deyib ki, səfərin məqsədi Beynəlxalq Miqrasiya Təşkilatı ilə yerli orqanlar tərəfindən birgə bərpa edilən kəhrizlərlə yaxından tanış olmaq, təcrübələrdən yararlanmaq, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri ilə birlikdə qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Burada öyrəndiklərimiz əsasında Azərbaycanın 8 rayonundakı 40 kəhrizdə bərpa işləri görüləcək.

Onun sözlərinə görə, Beynəlxalq Miqrasiya Təşkilatı Naxçıvanda 120-dən artıq kəhrizin bərpasında iştirak edib. Layihənin həyata keçirilməsinin səbəblərindən biri də muxtar respublikada bunun üçün hərtərəfli şəraitin yaradılmasıdır. Əhalinin həmin kəhrizlərdən düzgün istifadə edərək qoruyub saxlaması onların daim işlək vəziyyətdə olmasını təmin edib.

“Çox məmnunuq ki, Azərbaycanın belə gözəl və qədim regionuna gəlmişik. Mən ilk dəfədir Naxçıvana səfər edirəm. Bu diyarla tanışlığım mənə yüksək təəssüratlar bağışladı”, – deyən Vladimir Georgiev vurğulayıb ki, buranın qeyri-adi təbiəti, dadlı yeməkləri var.

Qanat və Tarixi Hidravlik Strukturlar üzrə Beynəlxalq Mərkəzin direktor əvəzi Hüseyn Qafuri bildirib ki, Gəncə şəhərindən sonra muxtar respublikaya səfər edərək buradakı kəhrizlərlə tanış olublar: “Bilirik ki, bu diyarda kəhrizlərdən düzgün istifadə təcrübəsi var. Naxçıvanda kəhriz sistemləri çox böyükdür və əminik ki, bu sistemlər bundan sonra da inkişaf etdirilərək gələcək nəsillərə çatdırılacaq. Qədim diyarda kəhrizlərin bərpası, idarə olunması layihələrinin həyata keçirilməsi təcrübəsini öyrənmək, eləcə də bu sistemlərin tarixi, təmiri və yenilənməsi barədə məlumatları əldə etmək bizim üçün çox əhəmiyyətlidir. Burada öyrəndiklərimizi digər yerlərdə tətbiq edəcəyik”.

Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Mirnaib Mirsalahov isə qeyd edib ki, Naxçıvana səfər çərçivəsində Qələndər, Kalba Musa və digər kəhrizlərdə olub, bu su mənbələrinin çıxışının necə gözəl memarlıq üslubunda işləndiyini görüblər. Həqiqətən də, bu diyarda turizmi inkişaf etdirmək, turistlərdə maraq yaratmaq üçün kəhrizlərin mövcudluğu, onların bərpası olduqca vacib məsələlərdəndir. O deyib: “Naxçıvanda bizi yüksək qonaqpərvərliklə qarşıladılar. Yaradılan şəraitə, mehriban münasibətə görə minnətdaram”.

Baş ekspert Macid Labbaf isə qeyd edib ki, üç gün ərzində Naxçıvanda kəhriz sistemləri ilə yaxından tanış olublar: “Diqqətimi çəkən əsas məqamlardan biri də burada birgə addımların atılmasıdır. Yəni həm dövlətin dəstəyi, həm də sakinlərin bu sahəyə diqqəti xüsusi vurğulanmalıdır. Burada, həmçinin qeyri-adi kəhrizlərin də şahidi olduq. İstərdik ki, gələcəkdə də əməkdaşlığımız davam etsin. Bu diyarda kəhrizlərin təmiri, qorunub saxlanılması çox təqdirəlayiq haldır. Naxçıvan, bu mənada, fərqlənən diyardır”.

AZƏRTAC