“Azərbaycan miqrantlar üçün populyar məkandır, çünki burada təhlükəsizlik təmin olunub, multikultralizm, dözümlülük mühiti hökm sürür”.
“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” adlı plenar sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunu rəqəmlərdə də görmək olar: “Bu, hökümətin uzunmüddətli siyasəti ilə bağlıdır. Biz turizmin, sərmayələrin Azərbaycanda inkişaf etməsi ilə bağlı tədbirlər görmüşük. Miqrantlar Azərbaycanı məskunlaşmanın mümkün məkanı kimi qiymətləndirirlər”.
V.Hüseynov qeyd edib ki, hazırda dünyada vaxtilə heç vaxt olmayan sayda 20 milyon miqrant var: “Məcburi köçkünlərın sayı isə 8 milyondur. Miqrasiya eyni zamanda inkişafa dəstək verir. Dünyanın istənilən ölkəsi miqrasiya siyasətindən maksimum yararlanmaq istəyir. Bu siyasi məsələdir və onlara cavab vermək çətindir. Siyasətçilər arasında müxtəlif dövlətlərdə bu problemin həlli ilə bağlı zidd fikirlər var”.
Dövlət Xidmətinin rəisi bildirib ki, qeyri-müntəzəm miqrasiyaya diqqət yetirilir, sərhədlərin bağlanması tədbirləri müzakirə edilir: “İnanıram ki, beynəlxalq ictimaiyyət milli səviyyədə ölkələrdə dəyişiklərə təkan verməyə çalışacaq, öz ehtiyatlarını, resurslarını bu sırada olan siyasi məsələlərin həllinə yönəldəcək. Məcburi köçkünlərin hamısı öz yerinə qayıtmalıdır. Miqrasiya transsərhəd problemdir, müxtəlif ölkələr bu səpkidə əməkdaşlıq edirlər. Tərəfdaşlar, maraqlı tərəflərlə çalışmaqla uğura imza ata bilərik”.
Report