Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri Kiyevdə keçirilmiş görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələri 2014-cü ilin əvvəlində davam etdirmək barədə razılığa gəliblər…
Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri Kiyevdə keçirilmiş görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələri 2014-cü ilin əvvəlində davam etdirmək barədə razılığa gəliblər. Bunu cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Kiyevdə keçirilmiş görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyətin tələb etdiyi kimi, beynəlxalq norma və prinsiplər əsasında münaqişənin ədalətli nizamlanması üçün səy göstərməyə davam edəcək: “Artıq 20 ildən artıqdır ki, məcburi köçkünlər və qaçqınlar öz tarixi torpaqlarına qayıdacaqları günü gözləyirlər. Məcburi köçkün və qaçqınların öz evlərinə qayıtması hüququ dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və sənədlərdə qeyd edilib “.
E.Abdullayev deyib ki, münaqişənin nizamlanması regionda sülh və sabitliyin bərpa edilməsinə öz töhfəsini verəcək: “Azərbaycan həmişə qanunun və beynəlxalq hüququn aliliyini əldə rəhbər tutub “.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri Kiyevdə ATƏT-in Nazirlər Şurasının XX iclası çərçivəsində görüşüblər. /Trend/