Azərbaycanda ölkənin ilk atom elektrik stansiyasının inşası üzrə planlar hazırlanıb…
Azərbaycanda ölkənin ilk atom elektrik stansiyasının inşası üzrə planlar hazırlanıb.
Azərbaycanda ölkənin ilk atom elektrik stansiyasının inşası üzrə planlar hazırlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Milli nüvə tədqiqatları mərkəzi” QSC-nin sədri Adil Qəribova istinadən Rusiyanın nüfuzlu Lenta.ru saytı yayıb.
A.Qəribovun sözlərinə görə, respublikada ilk nüvə reaktorunun inşası üzrə işlər 2020-ci ilə baş açata bilər.
Qeyd edək ki, sovet vaxtı Azərbaycanda AES-in inşası planlaşdırılsa da, 1986-cı ildə baş verən Çernobıl qəzasından sonra işlər tamamilə dayandırılıb.
Qəribovun sözlərinə görə, hələlik tədqiqat xarakterli olacaq ilk reaktorun inşası üçün tender gələn il elan olunacaq. Bu reaktorun gücü 20 meqavat təşkil edəcək. Bundan başqa, gücü 2 kilovat olan tədris reaktoru da yaradılacaq.
“Azərbaycanda inşası planlaşdırılan reaktor öz parametrlərinə görə unikal olacaq, – Qəribov deyir. – Bizim hesablamalara görə, reaktorun inşası üzrə işlər 2020-ci ilə başa çatdırıla bilər, çünki Beynəlxalq Atom Agentliyinin (MAQATE) icazəsini almaq üçün iki il lazımdır. Azərbaycan artıq icazə üçün MAQATE-yə müraciət edib, lakin çox vacibdir ki, nüvə reaktorunu inşa edəcək podratçı şirkətin zəruri lisenziyası olsun”.
İnşaat işlərinin aparılacağı və sahəsi 15 hektar olacaq ərazi artıq müəyyənləşdirilib.
Qəribov həmin yerin harada olacağını dəqiqləşdirməsə də, ilkin ehtimallara görə, söhbət Bakı və Sumqayıt arasında yerləşən Xırdalan şəhərindən gedir.