Azərbaycanın əməkdar rəssamı, hazırda Almaniyada yaşayan Əşrəf Heybətin “Xocalı faciəsi” əsəri fevralın 24-də Bakıda təqdim ediləcək…
Azərbaycanın əməkdar rəssamı, hazırda Almaniyada yaşayan Əşrəf Heybətin “Xocalı faciəsi” əsəri fevralın 24-də Bakıda təqdim ediləcək. SİA-nın məlumatına görə, əsər “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində keçiriləcək tədbirdə təqdim olunacaq.
Əməkdar rəssamın 5 il əvvəlcə yaratdığı bu pannonun təqdimatı hələ Berlində Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə baş tutub. Ölçüsü 2,5×1 metr olan diptixdə müəllif Azərbaycan xalqına qarşı soyqırımının bütövlükdə bəşəriyyətə yönələn cinayət xarakterini açmağa müvəffəq olub. Bədii obrazlar vasitəsilə faciənin bütün dəhşətlərinin əks olunduğu bu əsərdə əsasən sənətkar parlaq qırmızı, qatı qara rənglərdən və xətlərdən istifadə edib.
Əşrəf Heybətin rənglərdən istifadə tərzi dünya şöhrətli fırça ustası, Xalq Rəssamı Toğrul Nərimanbəyovun yaradıcılığı ilə səsləşsə də, sənətkarın xalqımıza qardaşı törədilmiş faciənin mahiyyətini rəng çalarları ilə çatdırması görkəmli rəssamın yaradıcılığının özünəməxsus cəhətidir.
Dərin fəlsəfi mahiyyətinə və həcminə görə “Xocalı faciəsi” panno-rəsmi müvafiq mövzuda işlənmiş yeganə əsərdir desək, zənnimizcə, mübaliğəyə yol vermiş olmarıq.
Əşrəf Heybət hələ 1997-ci ildə Mayntsda “Bakı” adlı Azərbaycan Mədəniyyət Cəmiyyətini yaratmışdır. O, əsərləri BMT-nin Cenevrədəki sarayında, Rumıniya Prezidentinin sarayında, NATO-nun iqamətgahında, İordaniyanın kral sarayında, Lüksemburq hersoqunun iqamətgahında, Vatikan dəftərxanası sarayında, habelə Maltanın nüfuzlu salonlarında sərgiləri keçirilmiş ilk azərbaycanlı rəssamdır.
Zəngin yaradıcılıq bioqrafiyası olan Əşrəf Heybət 2006-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Onun “Salam” əsəri dövlətimizin başçısına hədiyyə olunmuş, yaradıcılığı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən yüksək qiymətləndirilib.
Əşrəf Heybət müxtəlif mövzularda yaratdığı bir çox gözəl panno-rəsmlərin müəllifidir. Onlardan birini -“11 sentyabr” rəsmini Nyu-Yorkun merinə rəssam şəxsən təqdim edib. Buna görə mer həmvətənimizə təşəkkür məktubu göndərmişdir. Rəssamın məşhur “20 Yanvar – Bakı” pannosu Azərbaycan İstiqlal Muzeyində saxlanılır.
Türk dünyası Əşrəf Heybətin yaradıcılığında başlıca istiqamətlərdən biridir. O, həmçinin Roma Papasının, Angela Merkelin, Nobel mükafatı laureatı, yazıçı Günter Qrassın portretlərinin müəllifidir.
Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi, bu ölkənin Rəssamlar İttifaqının, UNESCO-nun Rəssamlar Federasiyasının, Almaniya Rəssamlar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.
Həmvətənimiz Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasına sədrlik edir. O, həmçinin “Azərbaycan Almaniya” Dostluq Cəmiyyəti idarə heyətinin, Beynəlxalq PDA (“Platforma, Dialoq, Avrasiya”) təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Qeyd edək ki, Əşrəf Heybət Beynəlxalq “Sülh səfiri” diplomuna layiq görülmüş, “Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır.
/Sia/