Bakıda Xocalı soyqırımı memorial kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun layihəsi əsasında inşa olunacaq memorial kompleks Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və faciə barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, layihə simvolik məna kəsb edən konsepsiya üzrə işlənilib…
Bakıda Xocalı soyqırımı memorial kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun layihəsi əsasında inşa olunacaq memorial kompleks Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və faciə barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, layihə simvolik məna kəsb edən konsepsiya üzrə işlənilib.
Konsepsiyaya əsasən, kompleksin həyətində fevral ayının sonlarında çiçək açan ağaclar əkiləcək. Bu, 1992-ci ilin fevralında qətlə yetirilmiş günahsız insanların yarımçıq qalmış ömrünü simvolizə edir. Kompleksi dörd tərəfdən əhatə edən düzbucaqlı monolit isə Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında təsvir olunub.
Qeyd edək ki, Xocalı soyqırımı memorial kompleksinin maketi hazırda Heydər Əliyev Mərkəzində təşkil olunan “Mini Azərbaycan ” layihəsi çərçivəsində sərgilənir.
Xocalı soyqırımı memorial kompleksinin maketi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib. Layihə ilə tanış olan Prezident İlham Əliyev kompleksin inşasının həyata keçirilməsi üzrə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Memorial kompleksdə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən 613 nəfərin qətlə yetirilməsi, şəhərin tamamilə dağıdılması barədə faktlar təqdim olunacaq. Kompleksin quruluşu, burada yaradılan ab-hava, təqdim edilən materiallar həmin günlər Xocalıdakı hadisələri bir daha görməyə, bu faciənin dəhşətini yaxından hiss etməyə imkan verəcək.
Xocalı soyqırımı memorial kompleksi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı ” abidəsinin yaxınlığında inşa olunacaq.
Xatırladaq ki, Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanıdılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu günədək həyata keçirilmiş layihələr çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı hadisələrinə dair faktlar yayılıb, yürüşlər təşkil edilib, internet vasitəsi ilə müxtəlif aksiyalar, o cümlədən faciənin soyqırımı kimi tanınması üçün imzatoplama kampaniyası və s. keçirilib. Nəticədə Xocalı faciəsinə dair həqiqətlərin əhatə dairəsi və bu cinayəti soyqırımı kimi tanıyan ölkələrin sayı ilbəil artır.
Xocalı soyqırımı memorial kompleksinin yaradılması Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı törətdikləri cinayətlərin dünyada olduğu kimi təqdim edilməsi, həmçinin Xocalı soyqırımının gələcək nəsillərin yaddaşında daim yaşadılması istiqamətində növbəti addımdır.
/Trend/