Vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub…
Vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub.
Bu gün Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 22 il ötür. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir.
Oxu.Az xəbər verir ki, Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib.
1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçiriblər.
1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub.