Yunanıstan və Türkiyə arasında Azərbaycan qazının Avropaya tədarükü üçün razılıq əldə olunub

“Bu ən effektiv marşrutdur”…

“Bu ən effektiv marşrutdur”.

Yunanıstan və Türkiyə “Şahdəniz-2” yatağından qazın Avropa bazarlarına tədarükü üçün boru şəbəkəsinin genişləndirilməsinə dair razılığa gəliblər. Yunanıstan və Türkiyə boru kəmərləri şəbəkəsinin tikintisi və genişləndirilməsi hesabına regional əməkdaşlığının inkişaf etdirilməsini qarşılarına məqsəd qoyurlar. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstan-Türkiyə əməkdaşlığının Ali şurasının III iclasının yekunlarına dair qəbul olunmuş birgə bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, Yunanıstan və Türkiyə  qaz boru kəmərləri və daha sıx əməkdaşlığa yol açmış ITGI qaz borusuna (2007-ci ildən istifadəyə verilmiş Yunanıstan-Türkiyə qaz borusu) dair  enerji sahədə ikitərəfli və regional əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər.

“Transadriatik (TAP) və Transanadolu qaz boruları (TANAP) bir-biri ilə əlaqəli və, şübhəsiz ki, dəyər baxımından Xəzər bölgəsindən təbii qazın Qərbi Avropaya tədarük edilməsi üçün ən effektiv marşrutdur”, deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Yunanıstan XİN rəhbəri Evangelos Venizelos bundan əvvəl Afinada keçirilmiş Yunanıstan-Türkiyə biznes forumunun iştirakçılarına müraciətində Yunanıstanın Transadriatik (TAP) qaz borusunun tikintisinə və Cənub Enerji Dəhlizinin yaradılmasına böyük əhəmiyyət verdiyini  qeyd edib: “Xüsusilə də, “Cənub axını” ilə bağlı son hadisələrdən sonra bu məsələ iqtisadi inkişaf və beynəlxalq siyasət nöqteyi-nəzərdən əlavə, son dərəcə mühüm məna alıb”, deyə baş nazir vurğulayıb.

Azərbaycanın “Şahdəniz-2” yatağından qazın Türkiyə, Yunanıstan və İtaliya ərazisindən keçməklə Avropa bazarlarına tədarükü üçün nəzərdə tutulmuş ITGI (Interconnector Turkey-Greece-Italy) birləşdirici qaz borusunun Yunanıstan-Türkiyə hissəsi 2007-ci ildən istifadəyə verilib. 

Transadriatik (TAP) qaz borusu 2013-cü ilin iyununda “Şahdəniz-2” yatağından qaz tədarükünün prioritet marşrut kimi təsdiqlənib. Uzunluğu 520 km olacaq TAP qaz borusu Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyayadək uzanacaq. İldə ilkin 10 mlrd. kubmetr qaz nəqletmə gücünə malik olan TAP bu göstəricini ikiqat (20 mlrd. Kubmetrədək) genişləndirmək imkanına da malikdir. 

www.oxu.az