Əli Həsənov: “Beynəlxalq ekspertlər erməni işğalı nəticəsində Azərbaycana 300 milyard dollardan çox zərər dəydiyini hesablayıb”

«Ermənistanın hazırkı rəhbərliyi 5-10 il ölkəni talayıb başqa ölkəyə çıxıb gedəcək. Bu rəhbərliyi seçmiş erməni xalqı isə onların səhv siyasətinin altını çəkəcək». APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib…

«Ermənistanın hazırkı rəhbərliyi 5-10 il ölkəni talayıb başqa ölkəyə çıxıb gedəcək. Bu rəhbərliyi seçmiş erməni xalqı isə onların səhv siyasətinin altını çəkəcək». APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, beynəlxalq ekspertlərin ilkin hesablamalarına görə işğal nəticəsində Azərbaycana dəyən iqtisadi zərər 300 milyard dollardan çoxdur: “Ermənistanın büdcəsi isə 3 milyard dollardır. Azərbaycan beynəlxalq məhkəmələrdə dəyən zərərə görə təzminatın ödənməsini tələb etdikdə bunun altını erməni xalqı çəkəcək”.

Ə. Həsənov erməni xalqını Ermənistan rəhbərliyinin səhv siyasətinə etiraz etməyə çağırıb: «Bəs özünü ağıllı hesab edən erməni milləti hara baxır? Danışanda deyirlər ki bizdən ağıllı millət yoxdur. Yaxşı sən ağıllı millətsənsə, bunu görmürsən? Biz qonşuyuq. Torpaqlarımız qonşudur. Torpağı götürüb köçürmək mümkün deyil. Bizim qonşuluqda yaşamağımız daimidir. İstəsək də, istəməsək də yaşamalıyıq. Nə üçün özünü ağıllı hesab edən xalq bunu düşünmür, hakimiyyətinə bunun üçün təzyiq göstərmir?»

Ə. Həsənov qeyd edib ki, Ermənistan işğalçılıq siyasəti yürütməsəydi, bu gün digər ərazilərdən keçən layihələr Ermənistandan keçə bilərdi: «Bu istiqamət həm qısa yoldur, həm də iqtisadi baxımdan səmərəlidir. Bu layihələrdən digər ölkələr bəhrələndiyi kimi, Ermənistan da bəhrələnə bilərdi. Azərbaycan dövləti haqlı olaraq dəfələrlə bəyan edib ki, nə qədər münaqişə həll olunmayıb, Ermənistanla hər hansı bir əməkdaşlığa getmir və getməyəcək».

Baş nazirin müavini onu da deyib ki, artıq Ermənistana himayədarlıq edənlər də yorulub: «Bir gün gələcək erməni diasporunun özü də bu ölkədən üz döndərəcək. Kimsə düşünürsə ki, bu problem tək Azərbaycanın problemidir, o böyük səhv edir. Dağlıq Qarabağ dünyanın problemidir». /APA/