Dövlət Neft Fondu qənaət rejiminə keçdi

Azərbaycan TANAP layihəsini maliyyələşdirməyi təxirə saldı…

Azərbaycan TANAP layihəsini maliyyələşdirməyi təxirə saldı.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) 2014-cü il büdcəsinin xərcləri 759,9 milyon manat azaldılır.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Prezidentinin aprelin 10-da  imzaladığı  “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli 57 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə”  fərmanından məlum olur.

Xatırladaq ki, ötən ilin dekabrında SOFAZ-ın 2014-cü il büdcəsinin xərcləri isə 11 349 934,8 min manat məbləğində təsdiq edilib. Dəyişiklik ilə SOFAZ-ın büdcəsinin xərcləri 10 590 034,8 min manatadək azaldılır.

Xərclərin azaldılmasının səbəbi TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinin təxirə salınması ilə bağlıdır. Belə ki, prezidentin yeni fərmanı ilə bu layihənin maliyyələşdirilməsinə ötən ilin dekabrında ayrılması nəzərdə tutulmuş 800 milyon manat Fondun xərclərindən çıxarılır.

Əvəzinə isə 40,1 milyon manat məbləğində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi adlı xərc maddəsi daxil edilir.

www.oxu.az