“Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına heç kim tərəfindən maneçilik törədilə bilməz”.
Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Pavel Kuroçenkonun Ermənistana hərbi dəstəklə bağlı verdiyi açıqlamaya Azərbaycan Müdafiə Nazirliyi münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Modern.az saytının sorğusuna cavabında nazirliyin qeyd etdiyinə görə, bu, erməni təxribatının növbəti planlarıdır. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamanı təqdim edirik:
“Ermənistan mətbuatı Yerevanın hərbi-siyasi rejiminin xəyallarını gerçəklik kimi həmişə öz ictimaiyyətinə sırımağa cəhd göstərir. Təəssüf hissi doğuran isə odur ki, bu məsələlərdə erməni tərəfi öz mətbuatının əli ilə bizə qonşu və yaxın münasibətlərdə olan Rusiya Federasiyasının hərbi rəhbərliyi adından istifadə edir.
Xatırladaq ki, hələ keçən ilin oktyabr ayında erməni mətbuatı guya, Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandiri polkovnik Andrey Ruzinskiyə istinadən məlumat yaymışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, Ermənistana dəstək xatirinə hərbi münaqişəyə qoşula bilər.
Amma sonradan bəlli oldu ki, erməni jurnalistləri məlumatı təhrif etmiş və A.Ruzinskinin fikirlərini ictimaiyyətə yanlış çatdırmışlar. Bunu 2013-cü ilin noyabrın 20-də Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşən Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu da etiraf etmişdi. O, azərbaycanlı həmkarı ilə görüşündə məsələyə münasibət bildirərkən demişdi ki, “bu, müsahibəni götürən erməni jurnalistin səhvi olub və komandanın fikirləri təhrif edilib”.
Çox güman ki, bu dəfə də erməni tərəfi Rusiyanın yüksək çinli hərbi nümayəndəsinin çıxışını öz istəklərinə uyğun olaraq ictimaiyyətə çatdırır. Fikir verin, bu məlumat aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Azərbaycan Respublikasına rəsmi səfəri və aprelin 8-də Bakı şəhərində yüksək səviyyədə keçirilən MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasından sonraya təsadüf edir.
Erməni mətbuatının daha bir yalanı da elə bu tədbirlə bağlı idi. Azərbaycan tərəfi MDB iştirakçı ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak etmək istəyən nümayəndə heyətlərinin hamısına, o cümlədən, Ermənistan nümayəndəsinə də təhlükəsizlik məsələləri ilə bağlı zəmanət verməsinə baxmayaraq ermənilər bu tədbirdə iştirakdan boyun qaçırdılar.
Bunu hətta Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Komitəsinin katibi general-leytenant Aleksandr Sinayski də etiraf edərək elə erməni mətbuatına açıqlamasında, məsələni yumşaq desək “texniki nasazlıq” kimi qiymətləndirmişdir.
Ona görə də erməni mətbuatında Rusiya Federasiyasının yüksək rütbəli zabitinin dilindən səslənən fikirləri erməni tərəfinin növbəti təxribatı kimi qiymətləndirir və Ermənistanın daxili auditoriyasına hesablanmış növbəti uğursuz addım hesab edirik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını nəzərə alaraq, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində istənilən yolla həlli Azərbaycan Respublikasının səlahiyyətlərinə aiddir. Və ölkəmizin dünya birliyi tərəfindən tanınmış və təsdiq edilmiş sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunmasına heç kim tərəfindən maneçilik törədilə bilməz”.
Qeyd edək ki, P.Kuroçenko Ermənistana hərbi dəstək xarakterli mövqe sərgiləyib.
“Gümrü şəhərində olan 102-ci hərbi bazanın hava hücumundan müdafiə qüvvələri Ermənistana təhlükə olacağı təqdirdə erməni ordusu ilə birgə hərəkət edəcək” – deyə rus general söyləyib.