ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində Bakıya və Yerevana yardımı davam etdirəcək

ABŞ Minsk qrupu vasitəsilə özünün yüksək səviyyədə iştirakını davam etdirəcək ki, Azərbaycana və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həllində dinc və uzunmüddətli həllin tapılmasında kömək etsin. Bunu ABŞ-ın dövlət katibinin köməkçisi Filip Qordon yanvarın 11-də Berlindəki Korber Fondunda Transatlantik əməkdaşlığın vəziyyəti haqqında danışarkən bəyan edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.