Amerikalı konqresmen Bill Şuster: “Xocalıda baş vermiş faciəni heç vaxt unutmamalıyıq”

“Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir və azərbaycanlılar bu faciənin ildönümünü qeyd edərkən həmkarlarımı mənimlə birlikdə onlarla yanaşı dayanmağa çağırıram”

  ABŞ Nümayəndələr Palatasının Pensilvaniyadan olan üzvü Bill Şuster Konqresin iclasında Xocalı soyqırımı ilə bağlı çıxış edib…

“Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir və azərbaycanlılar bu faciənin ildönümünü qeyd edərkən həmkarlarımı mənimlə birlikdə onlarla yanaşı dayanmağa çağırıram”

ABŞ Nümayəndələr Palatasının Pensilvaniyadan olan üzvü Bill Şuster Konqresin iclasında Xocalı soyqırımı ilə bağlı çıxış edib.

APA-nın məlumatına görə, bu il, müasir Azərbaycan tarixinin ən böyük faciəsi olan Xocalı soyqırımından 21 il ötdüyünü bildirən Bill Şuster Nümayəndələr Palatasının üzvlərinə faciə ilə bağlı ətraflı məlumat verib.

«Bu ay biz həmin fəlakətli və ürəkağrıdıcı günün 21-ci ildönümünü qeyd edəcəyik. Təəssüf ki, bu gün Xocalı soyqırımına Azərbaycanın hüdudlarından kənarda demək olar ki, heç bir diqqət yetirilmir. Bununla belə, seçkili rəsmilər kimi, bizim ən güclü cəhətlərimizdən biri az tanınan və tanıdılması zərurət doğuran həqiqətləri işıqlandırmaq imkanımızın mövcud olmasıdır. Azərbaycanın dostu kimi, həmkarlarıma xatırlatmaq istərdim ki, biz Xocalıda baş vermiş faciəni heç vaxt unutmamalıyıq. O zaman Xocalı faciəsi «Boston Globe», «Washington Post», «New York Times», «Financial Times» və bir sıra Avropa və Rusiya xəbər agentlikləri də daxil olmaqla, beynəlxalq mətbuat orqanlarında geniş şəkildə işıqlandırılıb», – deyə konqresmen bildirib.

Nümayəndələr Palatasının Pensilvaniyadan olan üzvü çıxışında həmçinin qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xocalı şəhəri etnik azərbaycanlıların kütləvi surətdə ən çox qətlə yetirildikləri bir yerdir: “Əhalisinin sayı təxminən 7 min nəfərdən ibarət olan Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən iri şəhər tirli yaşayış məskənlərindən biri idi. «Human Rights Watch» təşkilatı və digər beynəlxalq müşahidəçilərin verdikləri məlumata görə, bu soyqırımı etnik erməni silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə həyata keçirilib. «Human Rights Watch» təşkilatı Xocalı soyqırımını Dağlıq Qarabağ münaqişəsi zamanı indiyədək baş vermiş ən böyük soyqırımı kimi təsvir edib. 1993-cü il hesabatında bir müşahidəçi qrupu bildirib ki, «Erməni qüvvələri soyqırımından sonra ərazidə nəzarəti ələ keçirdiklərinə görə qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının sayı barədə dəqiq məlumatlar yoxdur və ümumən, 200 nəfər azərbaycanlının qətlə yetirilməsi geniş miqyasda qəbul edilsə də, əslində, 500-1 000 nəfərə yaxın insan həlak olub”. Azərbaycan ABŞ-ın güclü strateji tərəfdaşı və dostu olub. Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir və azərbaycanlılar bu faciənin ildönümünü qeyd edərkən həmkarlarımı mənimlə birlikdə onlarla yanaşı dayanmağa çağırıram”.

/Apa/