ATƏT Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

ATƏT Parlament Assambleyasının yay sessiyası iyunun sonu, iyulun əvvəllərində İstanbulda keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. Onun sözlərinə görə, yay sessiyası “Helsinki 40” devizi altında baş tutacaq: “İllik yay sessiyasında çox vacib məsələlər müzakirə olunacaq…

ATƏT Parlament Assambleyasının yay sessiyası iyunun sonu, iyulun əvvəllərində İstanbulda keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. Onun sözlərinə görə, yay sessiyası “Helsinki 40” devizi altında baş tutacaq: “İllik yay sessiyasında çox vacib məsələlər müzakirə olunacaq. Ən əsası quruma yeni sədr, vitse-prezident və komitə sədrləri seçiləcək. Bu baxımdan sessiyanın çox gərgin keçəcəyi gözlənilir”.

B. Muradova deyib ki, sessiyada Dağlıq Qarabağ məsələsi ilə bağlı da müzakirələr aparılacaq: “ATƏT PA-nın elə bir tədbiri olmur ki, orada Dağlıq Qarabağ məsələsi bu və ya digər səbəbdən müzakirə predmeti olmasın. Doğrudur, Dağlıq Qarabağ məsələsinin xüsusi məsələ kimi gündəliyə salınıb qərar qəbul edilməsi gözlənilmir, lakin Xorvatiyadakı müzakirədən sonra bu istiqamətdə görülmüş işlər mövcud durum barədə müzakirələr olacaq. Azərbaycan nümayəndə heyəti istənilən vəziyyətdə bu məsələnin gündəmdə saxlanmasına çalışır”.

/Apa/