Azərbaycandakı erməni əsirin taleyi necə olacaq?

“Xocayanın belə bir istəyi olsaydı, bunu elan edərdi”…

 

“Xocayanın belə bir istəyi olsaydı, bunu elan edərdi”.

Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşının öz ölkəsinə geri qaytarılması ilə bağlı danışıqlar prosesi davam edir.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bu haqda danışıb. Onun sözlərinə görə, bu istiqamətdə üçtərəfli danışıqlar gedir:

“Normal bir formada danışıqlar gedir. Bəzi məsələlərə aydınlıq gətirilməlidir. Yəqin ki, bu ay ərzində erməni gəncin geri qaytarılması mümkün olacaq. Gəncin özü ilə də görüşlər gedir. Bir ay müddətində bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Çalışırıq ki, məsələyə 30-40 gün müddətində aydınlıq gətirək və daha sonra qərar qəbul edək. Hazırda dəqiq vaxtla bağlı heç nə deyə bilmərik”, – deyə katib bildirib.

Ş.Sayılov erməni gəncin üçüncü ölkəyə getmək niyyətinin olmadığını da söyləyib. Onun sözlərinə görə erməni gəncin belə bir istəyi olsaydı, bunu elan edərdi.

Qeyd edək ki, martın 7-də günorta saatlarında Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı 1991-ci il təvəllüdlü Arsen Ananyayeviç Xocayan saxlanılıb. Onun bir qədər əvvəl də eyni istiqamətdə Ermənistandan gəlmiş Mamikon Xocayanla qohum olduğu məlum olub.

www.oxu.az