Azərbaycan öz mövqeyində ciddi dəyişikliklər edəcək

Prezident İlham Əliyev İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə verib. AzərTAc-a istinadla xəbər verir ki, dövlət başçısı müsahibəsində Türkiyəyə işgüzar səfərinin nəticələri, Türkiyə-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, ölkəmizin enerji siyasəti və digər məsələlərlə əlaqədar suallara cavab verib.

Cənab prezident, siz bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində çox vacib görüşlər keçirimisiniz…
– Bu gün keçirdiyimiz görüşlər çox vacib idi, çünki bu, Azərbaycanın öz müttəfiqləri ilə apardığı siyasətin məntiqi davamı idi. Bu zirvə görüşünün imkanlarından istifadə edərək biz çox ciddi iş apardıq. Onu demək istəyirəm ki, Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində imzalanmış sazişlər bizim qarşımızda yeni imkanlar açır. Artıq iki ilə yaxındır bu sahədə danışıqlar aparılırdı. Danışıqlar zamanı müəyyən problemlər də üzə çıxmışdı, ancaq Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və qarşılıqlı maraqlar əsasında bu gün bu anlaşma artıq reallığa çevrilib. Bu bizə imkan verəcək ki, yaxın zamanlarda ölkəmizin qaz sektoruna böyük həcmdə investisiyalar cəlb edək. Bu investisiyalar özlüyündə digər sahələrdə də investisya qoyuluşlarının artmasına səbəb olacaq. Digər tərəfdən, Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində tranzit məsələləri də tam şəkildə öz həllini tapıb ki, bu da Azərbaycanın qarşısında yeni imkanlar açılması deməkdir. Bilirsiniz ki, bizim enerji resurslarımızın şaxələndirilməsi istiqamətində atdığımız addımlar çox böyük nəticlər verib. Biz bu gün böyük işlərin astanasındayıq. İmzalanmış sazişlər öz mahiyyəti və əhəmiyyəti baxımından bu vaxta qədər imzalanmış sənədlərdən heç də geri qalmır. Hesab edirəm ki, bu səfərin əsas nəticəsi bundan ibarətdir. Digər tərəfdən həm Rusiya, həm də İranla bizim əlaqələrimizin inkişafı üçün yeni imkanlar yaranıb. Görüşlərin hamısı çox uğurlu keçib. Bu görüşlər ənənəvi xarakter daşıyır. Biz öz tərəfdaşlarımızla mütəmadi qaydada görüşlər keçiririk. Bu fürsətdən istifadə edərək, həm Türkiyə prezidenti və baş naziri ilə, həm Rusiyanın baş naziri ilə, Ukrayna və İran prezidentləri ilə apardığım danışıqlar çox müsbət nəticələr verib. Bu ölkələrlə Azərbaycan arasında əlaqələr çox böyük tarixə malikdir. Müxtəlif sahələrdə bizim həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız uğurludur. Bütün öləkələrlə bizim əlaqələrimiz qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Hesab edirəm ki, dünən və bu gün apardığım danışıqlar və keçirdiyim görüşlər Azərbaycanla bu ölkələr arasında əlaqələrin inkişafına xidmət göstərəcək.

– Cənab prezident, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siz dəfələrlə bəyan etmisiniz ki, Ermənistan tərəfi Madrid prinsiplərinə yox desə, Azərbaycanın qəti iradəsi ortaya qoyulacaq. Bəs, Ermənistan tərəfi Madrid prinsiplərinə cavab verməsə, nə baş verəcək?
– Hazırda biz həmin vəziyyətlə qarşı-qarşıyayıq. Ermənistan tərəfindən nə “hə”, nə də “yox” cavabı gəlir. İndiki şəraitdə vasitəçilər öz qəti sözünü deməlidir. Dəfələrlə bəyan etmişik ki, Azərbaycan prinsip etibarı ilə yenilənmiş Madrid prinsipləri ilə razıdır. Doğrudur, həmin təkliflərdə müəyyən məqamlar var ki, onlar bizi qane edə bilməz, amma onlar daha çox texniki və redaktə xarakterlidir. Bütövlükdə prinsiplərə baxsaq, yenilənmiş Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan əziyyət çəkən insanların öz torpaqlarına qaytarılması məsələləri öz əksini tapır. Ermənistandan isə cavab yoxdur və hesab edirəm ki, həmsədr ölkələr bu məsələ ilə bağlı öz qəti fikrini bildirməlidir. Nə vaxta qədər Azərbaycan bu cavabı gözləməlidir? Daha doğrusu, həmsədr ölkələrin özləri nə vaxta qədər bu cavabı gözləməlidir? Çünki, yenilənmiş Madrid prinsipləri bizim təklifimiz deyil, bu üç həmdsər ölkənin təklifidir. Ümid edirəm ki, həmsədrlər öz təkliflərinə hörmətlə yanaşacaqlar və danışıqlar prosesində bu son aylar ərzində pozuculuq fəaliyyətini aparan Ermənistana ciddi təsirlər olunmalıdır. Əgər biz hamımız danışıqların davam etdirilməsində maraqlıyıqsa, hər hansı bir addımlar atılmalıdır. Əgər bu olmazsa və ya Ermənistan tərəfindən vaxt uzatmaq taktikası davam etdirilsə, rəsmi qaydada bu prinsiplərə mənfi cavab verilərsə, o zaman Azərbaycan təbii ki, bu danışıqlarda və ümumiyyətlə bu prosesində öz iştirakının gələcək perspektivi haqda ciddi düşünməlidir. Biz müxtəlif variantları nəzərdən keçiririk və çalışacağıq ki, istənilən yolla Azərbaycanın ərazi bütövlüyünü bərpa edək. Mən şəxsən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Biz istəyirik ki, bu məsələni tezliklə və sülh yolu ilə həll edək. Əgər Ermənistan tərəfi öz işğalçı siyasətini davam etdirmək istəsə və danışıqlar prosesini bir imitasiya prosesi kimi davam etdirmək istəsə, Azərbaycan öz mövqeyində ciddi dəyişikliklər edəcək.

– Cənab prezident, ötən gün Şahdəniz qazının Azərbaycandan Türkiyəyə ixracı ilə bağlı saziş imzalandı. Bu sazişi Azərbaycanın enerji siyasətində mühim bir tarixi hadisə kimi qiymətləndirmək olarmı? Bu Sazişin perspektivləri ilə bağlı nə deyə bilərsiniz?
– Mən hesab edirəm ki, Azərbaycanın enerji sahəsindəki uğurları arasında bu sazişin öz xüsusi yeri var. Əhəmiyyət və mahiyyət baxımından bu çox nəhəng bir layihənin həyata keçirilməsinə gətirib çıxaracaq. Əgər bu sazişin maliyyə tərəfinə nəzər salsaq görərik ki, ilkin hesablamalara görə, bu layihənin həyata keçirilməsi üçün 20 milyard dollar sərmayə qoyulacaq. Nəzərə alsaq ki, 1995-ci ildən bu günə qədər Azərbaycanın neft-qaz sektoruna 40 milyard dollar sərmayə qoyulub, bu layihənin nə qədər əhəmiyyətli olduğunu deyə bilərik. Digər tərəfdən, bu layihənin icrası Azərbaycanın zəng qaz potensialının tam şəkildə realizə olunmasına imkan verəcək. Hazırda bizim hasilatımız mövcud bazarların imkanları ilə məhdudlaşır. Biz hasilatı rahatlıqla, qısa müddət ərzində artıra bilərik. Bu layihə bizə imkan verəcək ki, Şahdəniz yatağından əlavə, ən azı beş ildən sonra 16 milyard kubmetr qaz hasil edilsin və nəql edilsin. Nəzər alsaq ki, Azərbaycanın artıq çox güclü və şaxələndirilmiş qaz ixracı infrastrukturu mövcuddur, mövcud olan kəmərlərin genişləndirilməsi sayəsində biz istənilən istiqamətdə, istənilən həcmdə qaz ötürə bilərik. Bilirsiniz ki, qaz ixracı sahəsindəki əməkdaşlıq yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Bu, ölkəmizə böyük həcmdə valyuta axınını təmin etməklə yanaşı, Azərbaycanın regionda və ümumilikdə qitədə mövqelərini gücləndirəcək bir amilə çeviriləcək. Mən çox şadam ki, nəhayət biz bütün məsələlər barədə razılığa gələ bildik. Həm Türkiyəyə əlavə qazın verilməsi məsələsi həllini tapıb, həm də daha öncə Türkiyəyə nəql olunmuş qaza görə yaranan qiymət fərqinin ödənilməsi üçün tədbirlər nəzərədə tutulub. Bununla yanaşı, gələcəkdə Azərbaycan qazını müxtəlif istiqamətlərdə nəql olunması üçün imkan yaranıb. İndiyə qədər Azərbaycanın enerji sahəsində nəzərdə tutduğu vəzifələrin uğurla və vaxtında icra olunması onu deməyə əsas verir ki, bizim nəzərdə tutduğumuz planların hamısı həyatda öz əksini tapacaq.

-Cənab Prezident, Amerika Prezidentindən məktub almısınız. Bu məktuba Sizin münasibətinizi bilmək istərdim. Ümumiyyətlə, Sizin bu məktuba cavabınız olacaqmı?
-Əlbəttə, cavabım olacaqdır. Bu məktubda əks olunan məqamlar əminəm ki, Amerika-Azərbaycan əlaqələrinin perspektivlərini müəyyən edəcəkdir. Çünki məktubda həm bu vaxta qədər əldə edilmiş məqamlar öz əksini tapıb və həm də hesab edirəm ki, məktub daha çox gələcəyə ciddi bir addımdır. Məktubda sadalanan bütün istiqamətlər üzrə Amerika ilə Azərbaycan arasında əlaqələrin çox böyük tarixi vardır. Əlaqələrimiz son bir-iki il ərzində formalaşmayıb. Bu əlaqələrin çox böyük tarixi vardır. Həm sülhməramlı əməliyyatlarda rolumuz, enerji sahəsində təşəbbüslərimiz, – hansılar ki, bax bugünkü sazişin də imzalanmasına gətirib çıxardı, – bütövlükdə Azərbaycan tərəfindən 1990-cı illərin ortalarında başlanmış enerji siyasətimiz dünyanın enerji xəritəsini dəyişdirdi. Yəni, bunu biz etdik və bu gün biz bu müsbət təcrübə əsasında digər layihələr ətrafında çalışırıq və işləyirik.
Amerika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir. Mən ümid edirəm ki, biz gələcək illərdə iki tərəfi razı sala biləcək əməkdaşlığa yeni, əlavə amilləri daxil edəcəyik.
Məktub çox xoşniyyətlidir. Biz məktubda göstərilən bütün məsələlər ətrafında gələcək əməkdaşlığımızı davam etdirəcəyik.

-Cənab Prezident, Siz Vladimir Putin ilə də görüşdünüz. Düzdür, bunu nə qədər inkar etsə belə, Qarabağ münaqişəsinin həllində Rusiyanın da rolu vardır. Yəni, münaqişənin həllinin tezləşdirilməsində Rusiyanın iradəsindən də çox şey asılıdır. Bu görüşdə, həmin məsələlərə toxunuldumu?
-Əslində bildiyiniz kimi, bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri ilə Azərbaycan arasında mütəmadi qaydada ikitərəfli məsləhətləşmələr aparılır. Həm Amerika, həm Fransa, həm də Rusiya nümayəndələri ilə müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır. Heç bir ölkə bu məsələnin həllində öz rolunu inkar etmir, yəni onu hansısa yollarla fərqləndirmir. Biz də öz növbəmizdə, burada heç bir ayrı-seçkiliyə yol verə bilmərik. Bizim üçün bütün həmsədr ölkələr bir qrup şəklində mövcuddur. Yəni, biz onları belə qəbul edirik və əlbəttə ki, hər bir ölkənin öz imkanları vardır. Təbii Rusiya, yeganə ölkədir ki, Azərbaycan ilə qonşudur, yəni bu bölgədə yerləşir. Rusiya həm Xəzər, həm Qafqaz ölkəsidir, həm də ki, qonşumuzdur. Şübhəsiz ki, bu bölgədə yerləşən ölkənin özünəməxsus imkanları və təsir mexanizmləri vardır.
Ancaq buna baxmayaraq, mən yenə də demək istəyirəm ki, biz heç vaxt bu üç ölkəni bu məsələ ilə bağlı bir-birindən ayırmamışıq, yəni Minsk qrupu vahid bir orqanizmdir. Onun həmsədrləri də vahid mövqedən çıxış edirlər və onların verdikləri təkliflər fərdi xarakter daşımır. Yəni, bu, ümumi təkliflərdir.
Əlbəttə, biz bütün həmsədr ölkələrdən gözləyirik ki, onlar Ermənistan tərəfinə çox ciddi təsir edəcəklər. Çünki hazırda danışıqlarda yeni bir dövr başlayır. Bu dövr başqa dövrlərdən fərqlidir. Bütün başqa dövrlərdə, 1992-ci ildən, Minsk qrupunun yaranması tarixindən bu günə qədər danışıqlar aparılırdı. Baxmayaraq ki, danışıqlar müxtəlif təkliflər əsasında aparılırdı, bu bir proses idi. Bu gün biz o mərhələyə gəlmişik ki, artıq son Praqa prosesinin nəticəsi olan yeniləşmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflər masanın üstündədir.
Azərbaycan tərəfi bunu qəbul edir, Ermənistan tərəfi bunu qəbul etmir. Qayıdıram sizin əvvəlki sualınıza, əgər bu belə davam edəcəksə, onda nə isə baş verməlidir. Nə baş verə bilər?! Burada çox da böyük seçim yoxdur. Ya məsələ belə asılı vəziyyətdə qalacaqdır. Yəni status-kvo davam edəcək ki, biz bunu heç cür qəbul edə bilmərik. Status-kvo dəyişməlidir. Ya danışıqlar bir görüntü üçün, imitasiya üçün davam etdirilməlidir ki, Azərbaycan heç vaxt buna da razı olmayacaqdır. Mən dəfələrlə demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O vaxta qədər iştirak edəcəyik ki, nəticəyə çatmaq ümidimiz olacaqdır. Ya da ki, məsələ dondurulmuş vəziyyətdən çıxıb başqa bir müstəviyə keçəcəkdir. Yəni sirr deyil ki, bu da hərbi variantdır. O heç vaxt istisna olunmurdu, bu gün də istisna olunmur və biz bu varianta da hər zaman hazır olmalıyıq. Ona görə indiki dövrün öz məntiqi və öz əhəmiyyəti vardır. İndiki dövrdə həm Ermənistan, həm də həmsədr ölkələr tərəfindən atılacaq addımlar bax, bu məsələnin hansı yolla həll olunmasını müəyyən edəcəkdir.

Biz çox istəyirik ki, həmsədr ölkələr öz nüfuzundan, təsir imkanlarından istifadə edib Ermənistan tərəfinə ciddi siqnallar göndərməklə onları vadar etsinlər ki, yenilənmiş Madrid prinsiplərini qəbil etsinlər və biz bunun əsasında sülh müqaviləsi üzərində işə başlayaq.

– Cənab Prezident, Türkiyənin Baş naziri mətbuat konfransında bildirdi ki, Siz Aralıq dənizində baş verən hadisələrlə bağlı Türkiyəyə böyük dəstək olursunuz. Bu fikri Sizin öz dilinizdən eşitmək istərdik.
– Bu barədə mən bu gün çıxışımda da öz fikirlərimi söylədim. Bildiyiniz kimi, Azərbaycan bu qanlı hadisəyə reaksiya verən ilk ölkələrdəndir və bu belə də olmalı idi. Çünki biz hər zaman Türkiyənin yanındayıq. Biz bütün məsələlərdə Türkiyəyə həmişə dəstəyimizi əsirgəməmişik və bu gün də bu dəstəyi veririk. Beynəlxalq sularda mülki vətəndaşlara qarşı edilən bu qanlı hadisə, bu hücum əleyhinə öz səsimizi ucaltmışıq. Bu gün də mən çıxışım zamanı bunu bir daha ifadə etdim. Biz bu hücumu pisləyirik. Biz Türkiyə ilə, türk xalqı ilə öz həmrəyliyimizi ifadə edirik, şəhidlərin yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, ciddi araşdırmalar aparılmalıdır və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır. Yəni burada bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, birmənalıdır, qətidir və bizimlə Türkiyə arasında qardaşlıq münasibətlərimizə, beynəlxalq hüquqa əsaslanır. Biz əlbəttə, hesab edirik ki, Türkiyəyə müttəfiq sayılan ölkələr də eyni mövqedən çıxış etməlidirlər. Bilirsiniz, bu, bir həqiqət anıdır. Yəni bu çətin anlarda dostlar, əsl dostlar öz mövqeyini bildirməlidirlər. Əgər hər şey yaxşıdırsa, yəni bu həyatda da belədir, çox adam yaxşı sözlər deyə bilər, amma çətin gündə, yəni seçim qarşısında olan günlərdə həm ölkələr, həm də ki, insanlar öz mövqeyini bildirməlidirlər. İnsanlar üçün də, ölkələr üçün də mövqe çox vacibdir, yəni prinsipial mövqe. Azərbaycan bütün zamanlarda, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini heç vaxt gizlətməmişdir. Bizə yaxın olan ölkələrə aid bütün məsələlərdə biz öz səsimizi ucaltmışıq və bu, haqq-ədalət səsi olmuşdur. Heç vaxt Azərbaycan hansısa qanunsuz hərəkəti dəstəkləməmişdir və eyni zamanda, qanunsuz hərəkətlərə biganə olmamışdır, xüsusilə Türkiyə ilə münasibətlərimizdə.
Eyni münasibəti biz Türkiyədən görürük. Yəni Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər həmişə Türkiyə bizim yanımızda olubdur, həmişə bizə ən böyük dəstəyi Türkiyə veribdir. Bu gün də bu, belədir. Bəzən Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərə müdaxilə etmək istəyən qüvvələr olur. Onlar bəzən bir görüntü yarada bilərlər, amma işin mahiyyətinə təsir edə bilməzlər. Əfsuslar olsun ki, Türkiyə mətbuatında və o cümlədən, bəzi hallarda Azərbaycan mətbuatında bu son bir il ərzindəki vəziyyətlə bağlı çox nalayiq və çirkin yazılar dərc edilmişdir. Biz buna heç cür yol verə bilmərik. Biz yol verə bilmərik ki, bizi istəməyən qüvvələr burada hansısa süni bir məsələni qabartmaqla Türkiyə-Azərbaycan münasibətlərinə zərrə qədər zərbə vursunlar. Yəni bu mümkün deyil və bugünkü hadisələr, Türkiyə-Azərbaycan əlaqələrinin bugünkü vəziyyəti bunu əyani şəkildə sübut edir.

Bu yaxınlarda Türkiyənin Baş naziri Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı böyük öndər Mustafa Kamal Atatürkün Bakının mərkəzində abidəsinin açılışı olmuşdur. Yəni belə hadisələr çoxdur. Bizim aramızda olan əlaqələr, sözün əsl mənasında, qardaşlıq əlaqələridir. Ona görə də biz hər an öz dəstəyimizi verməliyik və əminəm ki, bundan sonra da belə olacaqdır.

– Cənab Prezident, Soçi danışıqlarından sonra bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən durğunluq yaranıb. Bilmək istərdik ki, Sizin Ermənistan prezidenti ilə yaxın zamanlarda görüşünüz planlaşdırılırmı?
– Hələ ki, bu barədə heç bir təklif olmamışdır. Bildiyiniz kimi, Soçidən sonra, ümumiyyətlə, heç bir görüş keçirilməmişdir. Baxmayaraq ki, Soçidə Ermənistan prezidenti verilən təklifə münasibət bildirmək üçün iki həftə vaxt istəmişdir. Ancaq artıq altı ay keçibdir, hələ heç bir xəbər yoxdur. Ona görə belə bir görüş yaxın zamanlarda planlaşdırılmır. Hər halda, bu barədə bizə heç bir təklif verilməmişdir.