Azərbaycanın Qarabağ probleminə biganə qalmağımız mümkün deyil

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında məlumat verib.
APA-nın “CNN Türk”ə istinadən yaydığı xəbərə görə, R. T. Ərdoğan Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan danışıqlar prosesi boyunca hər zaman konstruktiv mövqe tutub: “Minsk Qrupu həmsədrlərinin son təklifləri Azərbaycan tərəfindən müsbət qarşılansa da, Ermənistan bu təklifə hələ cavab verməyib. Biz də nüvə təhlükəsizliyi ilə bağlı sammitdə bu mövzuda bəzi görüşlər keçirdik. Təəssüf ki, eyni münasibəti bu görüşlərdə də gördük. Lakin bu qərarlı siyasətimizi davam etdirəcəyik. Minsk Qrupunun “üçlüyü” də qətiyyət göstərməli və bu işi yarımçıq qoymamalıdır”.

Türkiyənin baş naziri Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə səfəri zamanı Dağlıq Qarabağ problemini müzakirə etdiklərini söyləyib: “Amerikada Obama ilə, daha əvvəl də Sarkozi ilə bu mövzunu müzakirə etmişdik. Biz bu məsələdə həssaslığımızı davam etdirəcəyik. Çünki Azərbaycanın bu probleminə biganə qalmağımız mümkün deyil. Hər zaman bu prosesi yaxından izləyəcəyik”.