Bakıya yeni avtobuslar gətirilir

“İstismar müddəti başa çatan avtobuslardan əsasən lom kimi istifadə olunur”…

“İstismar müddəti başa çatan avtobuslardan əsasən lom kimi istifadə olunur”.

Paytaxtda yaxın vaxtlarda kiçik tutumlu yox, iritutumlu avtobusların sayı kifayət qədər artacaq.

Bu da mütəxəssislərin fikrincə, yollardakı bəzi problemlərə son qoya, hətta tıxacların qarşısını birdəfəlik ala bilər.

Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun bildirdiyinə görə, yaxın vaxtlarda respublika ərazisinə yeni iritutumlu avtobusların gətirilməsi və sayının artırılması nəzərdə tutulur:

“İstismar müddəti başa çatan avtobuslar isə xətdən uzaqlaşdırılacaq. Kiçik tutumlu avtobusların xətdən uzaqlaşdırılması ilə əlaqədar olaraq respublika ərazisinə yüzlərlə avtobus gətirilib. Avtobusların iriləri ilə əvəz olunması tək şəhərdaxili sərnişindaşımaya deyil, şəhərlərarası sərnişindaşımaya da aid edilir.”

Namiq Həsənov deyir ki, istismar müddəti başa çatan avtobuslardan əsasən lom kimi istifadə olunur:

“Bəzən olur ki, avtobus istismar müddətini başa vurur və daha sonra əgər onun hansısa detalı yararlı olursa, o zaman ondan istifadə olunur. Yox əgər o, tam yararsızdırsa o zaman ondan lom kimi istifadə olunur”.

Başqa bir problem isə iritutumlu avtobusların paytaxtda tıxac yaratmasının qaçılmaz olmasıdır. Avtobusların gətirilməsi sakinlər üçün nə qədər müsbət nəticə versə də, tıxacların olmayacağına heç kim zəmanət verə bilməz. Ona görə tıxacların qarşısını almaq üçün Namiq Həsənov iritutumlu avtobusların əsasən böyük prospektlərdə xəttə buraxılacağını dedi:

“Biz baxacağıq. Hər yola iritutumlu avtobusları xəttə buraxası deyilik ki. Bu avtobuslar üçün biz iri prospektləri nəzərdə tuturuq. Məsələn, Heydər Əliyev prospekti və sair…”.

Avtobus parkının yenilənməsini müsbət hal kimi qiymətləndirən avtoekspert Azər Allahverənov tıxacların azalması üçün təkliflər verdi:

“Əgər iritutumlu avtobus gətirilsə və istismar müddətini başa vurmayan avtobuslar da xətdən uzaqlaşdırılmasa, o zaman tıxacların yaranması mütləqdir. Tıxacların olmaması üçün isə mütləq istismar müddətini başa vuran avtobuslar xətdən uzaqlaşdırılmalıdır”.

Avtobus parkının yenilənməsi və yeni iritutumlu avtobusların paytaxta gətirilməsi prosesi 2015-ci ilə qədər davam etdiriləcək.

/oxu.az/