BMT-nin Əhali Fondu: Qadınlara qarşı zorakılığın çox ciddi iqtisadi fəsadları olur

“Qadınlara qarşı zorakılıq yalnız hüquqi müstəvidə həll olunmalı deyil, çünki bu halların çox ciddi iqtisadi nəticələri var”.

“Report” xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı hesabatın təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, qadınlara qarşı zorakılıq o hələ dünyaya gəlmədən başlaya bilər: “Daha sonra bu zorakılıq halları etnik və dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq müxtəlif cür təzahür edir. Belə ki, qanunvericilikdə zorakılıqdan zərər çəkmiş şəxslər üçün nəzərdə tutulmuş pulsuz səhiyyə, hüquq-mühafizə, sosial yardım xidmətlərinə dair maddələri alqışlayırıq. Lakin əksər hallarda bu xidmətlərə sərf olunan vəsait haqqında düşünmürük. Əhali arasında zorakılıq nəticəsində baş vermiş qətl hadisəsini bir ailənin faciəsi kimi qəbul edirik. Lakin hər bir itirilmiş həyatın ümumi daxili məhsul baxımından iqtisadi ekvivalenti, zorakılıqdan zərər çəkmişlərin müvəqqəti olaraq əmək fəaliyyətini itirməsi, əlilliklə nəticələnən zorakılıq halları və bunun əmək məhsuldarlığına təsiri haqqında məsələləri diqqətdən kənara qoyulur. Nəhayət, bu şəxslərin itirilmiş mülkiyyət və gəlirləri, başqa mənzil və ya sığınacaq axtarışında sərf etdiyi vəsait, psixoloji və digər oxşar xidmətlər üçün etdiyi ödəmələr zorakılığın səbəb olduğu iqtisadi fəsadlara sırasındadır. Əlbəttə ki, bu hallar baş verən zaman zərərçəkənin hüquqlarının sosial müdafiəsinin təmini hər bir normal cəmiyyətdə prioritet məsələdir. Dünya təcrübəsi göstərir ki, zorakılıq halları qarşısı alına biləcək bir vəziyyətdir. Bu halların qarşısı alınarsa, zorakılığın aradan qaldırılması üçün ayrılan xərclər ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına yönələrsə, bu ölkəmiz üçün böyük uğur olar. Bunu nəzərə alaraq bir sıra ölkələrdə uğurla sınaqdan keçmiş metadologiyadan istifadə etməklə Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi xərclərinin ölçülməsinə həsr olunmuş tədqiqata imza atdıq”.

Report