“Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi Ermənistan rəhbərliyinin müstəqil siyasi iradə nümayiş etdirməməsidir”

“Şərqdə ilk parlamentli respublika Azərbaycan Cümhuriyyətinin timsalında təsis olunub, bu respublika irq, din, milliyyət və ən əsası cinsindən asılı olmayaraq, bütün vətəndaşların eyni hüquqlardan yararlanmaq imkanı verib”…

“Şərqdə ilk parlamentli respublika Azərbaycan Cümhuriyyətinin timsalında təsis olunub, bu respublika irq, din, milliyyət və ən əsası cinsindən asılı olmayaraq, bütün vətəndaşların eyni hüquqlardan yararlanmaq imkanı verib”. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu fikirləri Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov Amerika Diplomatik Xidmət Assosiasiyasının üzvləri qarşısında “Azərbaycanın xarici siyasəti” mövzusunda çıxışında deyib.

İştirakçılara ilk olaraq, Azərbaycanın dövlətçilik tarixini barədə məlumat verən səfir Azərbaycan Cümhuriyyətinin müsəlman dünyasında ilk dəfə, eləcə də bir sıra Avropa dövlətləri və ABŞ-dan öncə qadınlara seçki hüququ verən dövlət olduğunu vurğulayıb. Azərbaycanın dinlər və sivilizasiyaların birləşdiyi məkan olduğunu qeyd edən səfir dövlətimizin etnik və dini rəngarəngliyi ilə fəxr etdiyini bildirib.

Zəngin enerji resurslarına sahib dövlət kimi Azərbaycanın enerji diplomatiyasından danışan səfir xüsusilə Bakı-Tiflis-Ceyhan boru xətti kəməri barəsində geniş məlumat verib və bu layihənin həyata keçirilməsinin Azərbaycan rəhbərliyinin uzaqgörən siyasi yanaşması və iradəsinin təcəssümü olduğunu qeyd edib. Gündəmdə olan enerji layihələri barədə söz açan səfir hazırda təbii qazın nəqli məsələsinin geniş aktuallıq qazandığını vurğulayıb, bu xüsusda “Cənub Dəhlizi” layihəsinin perspektivləri və Azərbaycanın bu layihədəki rolundan bəhs edib.

E. Süleymanov Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birinin də qonşu dövlətlərlə qarşılıqlı faydalı əsasda münasibətlərin davamının təmini olduğunu bildirərək, Azərbaycanın Türkiyə və Gürcüstanla nümunəvi əlaqələrindən bəhs edib. Səfir həmçinin regionun daha da inkişafı və inteqrasiyasına mane olan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişənin bu günə qədər həll olunmamasını Ermənistan rəhbərliyinin müstəqil siyasi iradə nümayiş etdirməməsindən qaynaqlandığını bildirib və hökumətin bu qeyri-konstruktiv mövqeyindən ən çıx sadə xalqın əziyyət çəkdiyini deyib.

Azərbaycanlı diplomat ümumilikdə Avrasiya məkanında dövlətlər arasındakı cari fərqlərin dövlətlərin müstəqilliyinin ilk illərindən etibarən qəbul edilmiş qərarlardan qaynaqlandığını bildirərək, Azərbaycanın bugünkü uğurlarının ölkə rəhbərliyinin davamlı və məqsədyönlü siyasi xəttinin nəticəsi olduğunu qeyd edib.

Daha sonra E. Süleymanov qısa olaraq, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindən, ölkələrin terrorçuluğa qarşı mübarizə, Avropanın enerji təhlükəsizliyinin təminində yaxından əməkdaşlığı barədə söz açıb.

Qeyd edək ki, 1960-cı ildə təsis edilmiş Amerika Diplomatik Xidmət Assosiasiyası ABŞ-ın xarici xidmət orqanıdır və özündə səfirliklərdə çalışan və təqaüddə olan diplomatları birləşdirir.

/Apa/