Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini istisna etmirəm

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nisbətən ümidverici dinamika yaranıb, ilk nəticələr var, amma bunlar yekun məqsədin – daimi sülhün bərqərar olması üçün kifayət deyil”.
APA-nın “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Londonda Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı söyləyib.

Prezident Azərbaycanın son 15 il ərzində “nə sülh, nə müharibə” şəraitində yaşadığını bildirib: “Dağlıq Qarabağ münaqişəsinin istənilən həll variantı Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etməlidir. Biz Ermənistanın narahatlığını anlayırıq və müvafiq məsələlərə baxmağa hazırıq. Biz həmçinin Dağlıq Qarabağa zəruri muxtariyyət verməyə də hazırıq, lakin bu, vahid Azərbaycan dövləti çərçivəsində olmalıdır. Münaqişəyə cəlb olunan tərəflər anlamalıdır ki, Dağlıq Qarabağın müstəqilliyindən heç bir söhbət gedə bilməz. Çünki bu beynəlxalq hüququn prinsiplərinə və nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinə zidd olardı. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanması prinsipinə sadiqdir və son 15 ildə bununla bağlı dəqiq mövqe nümayiş etdirir. Təəssüflər olsun ki, mən hərbi həll variantını tam istisna edə bilmirəm, çünki bizim öz ərazi bütövlüyümüzü bərpa etmək üçün beynəlxalq qanunlara əsaslanan tam hüququmuz var və heç bir ölkə bizim bu hüquqa malik olduğumuzu şübhə altına ala bilməz. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə qadir olan qüdrətli və müasir Silahlı Qüvvələrə sahibdir. Bununla belə Bakı münaqişənin sülh yolu ilə həllinə yönəlik səyləri davam etdirəcək”.