“Dövlətqaçqınkom”dan məcburi köçkünlərin aksiyası ilə bağlı AÇIQLAMA

“Dövlətqaçqınkom”un qarşısında heç bir aksiya keçirilməyib”. Bunu Modern.az-a açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. “Bu gün Komitənin qəbul günlərindən biri idi və vətəndaşlar da o səbəbdən yığılmışdılar”.

E.Qədimov əlavə edib ki, mənzil məsələləri ilə bağlı məcburi köçkünlərə dəfələrlə izahat verilib.

“Hazırda komitənin balansında boş mənzil yoxdur və Bakı şəhərində mənzillərin tikintisi yalnız 2016-cı ildə olacaq. Bildiyiniz kimi, 500 hektarlıq böyük ərazi götürülüb və 2014-cü il ərzində həmin ərazidə layihələndirmə işləri, 2015-ci ildə infrostruktur işləri ilə məşğul olunacaq və nəhayət 2016-cı ildə isə həmin binalar istifadəyə veriləcək”.

Qeyd edək ki, bu gün səhər saatlarında Mehdiabadda məskunlaşmış bir qrup məcbur köçkünün Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi binasının qarşısında aksiya keçirməsi barədə xəbər yayılıb.

/Modern.az/