Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 508 nəfər qeydiyyatdan keçib

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 31 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (88 vəzifə) və B (611 vəzifə) növünə aid 699 vakant inzibati vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə sənəd qəbulu davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, fevralın 13-nə olan məlumata görə, müsahibədə iştirak etmək üçün ümumilikdə 508 nəfər qeydiyyatdan keçib. Müsahibədə iştirak üçün namizədlər martın 7-si saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (521 vəzifə) tərəfindən təqdim olunub.

AZƏRTAC