Drezdendə yerləşən turizm şirkətinin internet səhifəsində yanlışlıq aradan qaldırılıb

Almaniyada fəaliyyət göstərən diasporun Azərbaycanın bu ölkədəki səfirliyi ilə əməkdaşlığı nəticəsində Drezdendə yerləşən turizm şirkətinin internet səhifəsində Dağlıq Qarabağla bağlı yerləşdirilmiş yanlışlıq aradan qaldırılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin aprel ayında Almaniyada yaşayan azərbaycanlı Sain Cəbrayılov Drezdendəki turizm şirkətlərindən birinin internet səhifəsində Ermənistana və Dağlıq Qarabağa turist səfərləri təşkil etməsi barədə elanla rastlaşıb. Elana görə, Ermənistana və Dağlıq Qarabağa təşkil edilən 13 günlük turist səfərinin 3 gününün Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, turistlər üçün nəzərdə tutulan bu məlumata siyasi təbliğat xarakterli informasiya da əlavə olunub. Elanda qeyd olunub ki, Şuşa məscidini guya fars işğalçıları tikib, azərbaycanlılar Şuşada heç bir mədəniyyət abidəsinə malik deyillər, ümumiyyətlə Dağlıq Qarabağın Azərbaycanla heç bir tarixi bağlılığı yoxdur və 1924-cü ildə Stalin əhalisinin 95 %-nin erməni olmasına baxmayaraq, bu bölgəni Azərbaycana verib. Bu cür səhv məlumatla bağlı S. Cəbrayılov turizm şirkətinə bir necə dəfə etiraz və şikayət məktublar göndərsə də, şirkət nümayəndələri öz hərəkətlərinə bəraət qazandırıblar. Bundan sonra S. Cəbrayılov Azərbaycanın Almaniyadakı səfirliyinə müraciət edib. Səfirlik məsələ ilə dərhal maraqlanıb, səfir Pərviz Şahbazovun tapşırığına əsasən həmin turizm şirkəti ilə əlaqə yaradılıb. Şirkət rəhbərliyinə bildirilib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, 20 ilə yaxındır Ermənistanı beynəlxalq hüquqa zidd şəkildə bu əraziləri işğal altında saxlayır və atəşkəs elan olunmasına baxmayaraq bu bölgədə vəziyyət sabit və təhlükəsiz deyil. Həmçinin Almaniya Xarici işlər Nazirliyinin internet saytında Dağlıq Qarabağ münaqişə bölgəsi olduğundan bu əraziyə turist səfərlərinin təşkilinin təhlükəli sayıldığı məlumat verilib. Səfirliyin şirkət rəhbərliyinin diqqətini onu da çatdırıb ki, indiki halda Dağlıq Qarabağa Ermənistan vasitəsilə və Ermənistan ərazisindən səfərlərin təşkili beynəlxalq hüquq normalarına ziddir. Səfirlik məlumatın dərhal şirkətin veb səhifəsindən yığışdırılmasını tələb edib.
Turizm şirkətinin rəhbərliyi ciddi səhvə yol verildiyini etiraf edib və bildirilib ki, Dağlıq Qarabağa səfərlə bağlı ideyanın özü bir yanlışlıq və onlar belə bir elan yaymaqda hər hansı siyasi təxribat niyyəti güdməyiblər. Şirkətin nümayəndəsi təmsil etdiyi qurumun Azərbaycanla münasibətlərə xələl gəlməsini istəmədiyini vurğulayıb.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzindən Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumatda bildirilir ki, səfirliyinin işə qarışmasından və turizm şirkəti rəhbərliyi ilə söhbətdən sonra Dağlıq Qarabağa dair məlumat şirkətin internet səhifəsindən gecikdirilmədən çıxarılıb və şirkət rəhbərliyi məsələ ilə bağlı səfirliyə üzrxahlıq məktubu göndərib.