Ermənilər Dağlıq Qarabağda “Yaşıl Soyqırım” törətmişlər

Əsassız Soyqırım İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMED) sədri Savaş Əyilməz ermənilərin Dağlıq Qarabağda “yaşıl soyqırım” törətdiklərini, buradakı çayları, gölləri və su mənbələrini qəsdən çirkləndirdiklərini bildirmişdir.

Türkiyənin Cihan xəbər agentliyinin məlumatına görə, ASİMED bu “yaşıl soyqırım”la bağlı kompakt diski ABŞ Prezidenti Barak Obama başda olmaqla bütün ölkələrin dövlət başçılarına göndərməyə başlamışdır.

Savaş Əyilməz onu da əlavə etmişdir ki, beynəlxalq ekologiya təşkilatları Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə vurduğu zərərə daha çox diqqət yetirməlidirlər. İşğalçı ölkə başda Araz çayı olmaqla, su mənbələrini zəhərləyir və meşələri məhv edir. Ermənilər düşmənçilik məqsədi ilə türklərə korlanmış bir ətraf mühit miras qoymaqla, əslində bütün bəşəriyyətə və özlərinə də düşmənçilik etdiklərini anlamırlar. Digər tərəfdən, sərhədlərimizin yaxınlığıında 2005-ci ildə texniki yararlılıq müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyası vardır. Bütün səylərə baxmayaraq, bu təhlükəli stansiyanın bağlanması istiqamətində heç bir addım atılmamışdır.

ASİMED sədri erməni diasporunun yalan təbliğatına qarşı sentyabrın 2-4-də Beyrutda konfrans keçiriləcəyini də söyləmişdir. Bu konfransın keçirilməsindən əsas məqsəd qondarma “erməni soyqırımı”nın meydana çıxardığı “qurbanlara” aid olan sığorta şəhadətnamələri ilə bağlı beynəlxalq məhkəməyə müraciət olunmasını müzakirə etməkdir.

Oqtay Bayramov, AZƏRTAC-ın xüsusi müxbiri

Ankara