Ermənistan Qafqaz Albaniyasına aid abidələri qriqoryanlaşdırıb

Ermənistan Qafqaz Albaniyasına aid abidələri qriqoryanlaşdırıb. Trend -un məlumatına görə, bunu Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskinin qəbulu zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

«Dünya ictimaiyyətinin gözləri qarşısında Ermənistan adlı bir dövlət indiki ərazisində etnik təmizləmə aparıb, tariximizin ən qədim dövrlərinə aid dini memarlıq abidələrini məhv edib, məscidlərimizi dağıdıb, Qafqaz Albaniyasına aid abidələri isə qriqoryanlaşdırıb», — Orucov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Komitə sədrinin sözlərinə görə, bu gün Ermənistanın özündə və onun işgal etdiyi Azərbaycan ərazilərində, hətta əzəli Azərbaycan torpağı Dağlıq Qarabağda da azərbaycanlı qalmayıb.

«Ancaq Bakıda ermənilər yaşayır və dövlətimiz onların təhlükəsizliyinin qayğısına qalır. Dünya ictimaiyyəti erməni vandalizmini qətiyyətlə pisləməlidir. Azərbaycanın haqq işini həm sözdə, həm də əməldə müdafiə etməyin vaxtı çoxdan çatıb», — Orucov əlavə edib.

Səfir Azərbaycandakı tarixi tolerantlıq mühitini çox yüksək dəyərləndirərək bildirib ki, dörd ildən artıqdır respublikamızda fəaliyyət göstərir və bu illər ərzində müşahidə etdiyi milli-dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların dini etiqad azadlığının təmin olunması, milli-dini dözümlülük ənənələrinin davamlı inkişafı, sabit dini durum onda ölkəmizə qarşı xüsusi heyranlıq hissi formalaşdırıb.