Helsinki Komissiyası “erməni soyqırımı” ilə bağlı dinləmə keçirəcək

“Bir əsr inkar: Erməni soyqırımı və ədalət axtarışı”…

“Bir əsr inkar: Erməni soyqırımı və ədalət axtarışı”.

Helsinki Komissiyası Osmanlı İmperiyasında 1915-ci ildə baş vermiş hadisələrin 100 illiyinə həsr olunmuş dinləmə keçirəcəyini elan edib. 

Ermənistan iddia edir ki, qondarma “soyqırım” nəticəsində 1 milyon 500 min erməni ölüb. Türkiyə hökuməti soyqırımı inkar etməkdə davam edir və onu tanıyanları tənqid edir. 

Oxu.Az xəbər verir ki, dinləmələrdə Bostonda Klark Universiteti, ABŞ-ın erməni milli komitəsi (ANCA),  Amerikanın eməni assambleyası, həmçinin Tafts Universitetinin Fletçer məktəbinin nümayəndələri çıxış edəcəklər. 

Qondarma “erməni soyqırımı”nın tanınması Türkiyənin Avropa İttifaqına daxil olması üçün mütləq şərtdir. Yarım milyon erməni diasporunun olduğu Fransa bu bəndin icrasını tələb edir. 18 dövlət Osmanlı İmperiyasında ermənilərin ölməsini “soyqırım” kimi tanıyıb. 

Bu yaxınlarda 1915-ci il hadisələri Brüsseldə Avropa parlamentariləri tərəfindən də müzakirə edilib. Avropa Parlamenti Türkiyəni “soyqırımı” tanımağa çağıran və türk və erməni xalqları arasında barışıq prosesinə başlamağa çağıran qətnamə qəbul edib. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bəyan edib ki, qətnaməyə məhəl qoymayacaq. Səsvermədən sonra Türkiyə XİN-i Avropa Parlamentini tarixi yenidən yazmaq cəhdində günahlandırıb. 

www.oxu.az