1994-cü ilin yanvarın 6-da Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Milli Ordusunun birləşmələri Füzuli rayonunun Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini erməni işğalından azad edərək bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini nəzarət altına almışlar.Qeyd edək ki, 1993-cü ilin avqust ayında cəbhənin bütün istiqamətlərində əks- hücuma keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb Füzuli şəhərini işğal etmişlər. Bundan sonra düşmən qüvvələri bir neçə istiqamətdə Arazboyu yaşayış məntəqələrinə doğru irəliləyərək regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsini ələ keçirmişdir. Bununla da, Əhmədbəyli kəndi istiqamətində “Dörd yol ” deyilən əraziyə çıxan düşmən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalına zəmin yaratmışdır./Azərbaycan/