Azərbaycan paytaxtında 216 000 məcburi köçkün yaşayır

Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi gələn ildən yataqxanalar, orta məktəblər, hərbi hissələrin ərazilərində məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə başlayacaq.

Komitənin Beynəlxalq Əlaqələr, İnformasiya, mətbuat xidmətin direktoru Sənan Hüseynov APA-ya bildirib ki, ilk olaraq təhsil müəssisələrinin yataqxanalarında məskunlaşanlar köçürüləcək. Ali təhsil müəssisələrindən isə öncə Bakı Dövlət Universitetinin yataqxanası boşaldılacaq. Bu məktəbin yataqxanasındakı köçkünlərin köçürülməsi ayrılmış maliyyə vəsaitinə uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək. Həmin köçkünlər Masazır qəsəbəsində tikiləcək yeni yaşayış məntəqəsinə köçürüləcək. Gələn ildən artıq Masazırda çoxmərtəbəli binaların inşasına başlanacaq. Tikintini bu məqsədlə gələn il elan ediləcək tenderin qalibi olan şirkət aparacaq.

Qeyd edək ki, hazırda Bakı Dövlət Universitetinin yataqxanasında 7000-ə yaxın məcburi köçkün yaşayır. Ümumilikdə Bakıda isə 47 min ailə – 216 min məcburi köçkün məskunlaşıb. Məcburi köçkünlər 262 yataqxanada məskunlaşıblar ki, bu yataqxanalardan da 70-i Təhsil Nazirliyinə məxsusdur. Bu yataqxanalarda 8200 ailə yaşayır.