http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTEvMTkvMTcvMTQvMDMvODM5L2d1cmFtLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1PiJdXQ?sha=70b9a291

“Əgər hər hansı bir dövlətə müharibə lazım gələrsə, bu müharibə olacaq”…

“Əgər hər hansı bir dövlətə müharibə lazım gələrsə, bu müharibə olacaq”.

Suallara gürcü politoloqu Quram Marxulia cavab verir.

– Siz Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol layihəsinin region üçün əhəmiyyətini necə dəyərləndirərdiniz?

– Hal-hazırda Cənubi Qafqazda regional proseslər müxtəlif dövlətlərin siyasi və iqtisadi maraqlarının toqquşması ilə xarakterizə edilir.

Yeni geosiyasi “oyun” Azərbaycanın enerji resurslarına çıxış və nəqliyyat kommunikasiyalarına nəzarət ətrafında gedir. Bu oyunda baş rola regionda Rusiyanın geosiyasi maraqlarına qarşı durmağa çalışan ABŞ iddialıdır. Bu aspektdə Türkiyəyə bu maraqların fəal bələdçisi rolu etibar edilib. Amma Rusiya geosiyasətçiləri də boş dayanmayıblar, onlar İran ilə geosiyasi dostluğu möhkəmləndirirlər. Tehran da Moskva kimi Cənubi Qafqazda şimaldan cənuba nəqliyyat dəhlizinin yaradılmasında maraqlıdır, Ankara isə ABŞ-ın dəstəyi ilə əsas ticarət axınını Şərqdən Qərbə yönləndirməyə çalışır. Bu, geosiyasi tapmacada ilk növbədə Azərbaycan və Gürcüstan üçün geosiyasi qələbə olacaq, Bakı-Tbilisi-Qars dəmiryolu magistralının tikintisini həyata keçirmək lazım gəlir.

– Bəzi müşahidəçilərin fikrinə görə, postsovet məkanında və dünyada baş verən son hadisələr BTQ-nin geosiyasi mühümlüyünü artırır, layihəyə daha çox potensial iştirakçı cəlb edir, hətta bu layihəni Pekinin Rusiyaya təzyiq imkanının artması baxımından Çin üçün maraqlı edir. Sizin fikrinizcə, bizim regionda və onun ətrafında baş verən hadisələr BTQ layihəsinin realizəsinə necə təsir edir?

– Ukraynada baş verən hadisələr Rusiyanın qonşu dövlət və xalqlara qarşı tarixi iddialarından imtina etmədiyini və Moskvada hələ də hamının ona tabe olmağa məcbur hesab etdiklərini göstərdi. Amma bu gün geosiyasi realilər fərqlidir, Rusiyanın keçmiş sovet imperiyasının geosiyasi məkanını yenidən toplamasındansa, onun hissələrə bölünməsi ehtimalı daha çoxdur. Qazaxıstan və Çinin bu layihəyə qoşulması barədə bəyanata gəldikdə isə bu məntiqi davamdır, belə ki, bu layihə birinci növbədə “Böyük İpək Yolu”nun müasir variantıdır. Üstəlik, Bakı-Tbilisi-Qars dəmiryolu magistralı sonradan “Mərmərə” layihəsinə birləşdiriləcək, bu isə Asiya ölkələrinə Avropa ölkələrinə birləşməyə imkan verəcək, gələcəkdə çox asanlıqla Pekindən Parisə getmək mümkün olacaq. Amma qeyd edildiyi kimi bu ideya üçün geosiyasi mübarizə başa çatmayıb və biz çox güman ki, bu yolda çoxsaylı maneələrə rast gələcəyik.

– Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində müntəzəm olaraq, yolun istismara verilmə vaxtının dəyişdirilməsinə səbəb olan problemlər meydana çıxır. Bu dəfə iş, yerli KİV-in bildirdiyi kimi türk tərəfində dayanıb. Ümid etmək olarmı ki, bütün bu ləngimələr yalnız texniki xarakter daşıyır və bu layihə reallaşacaq?

– Türkiyə üçün Bakı-Tbilisi-Ceyhan dəmir yolunun tikintisi həyati mühüm məsələdir, ona görə də hansısa texniki məsələlərin türk sahəsində işin dayandırılmasına səbəb olmasına şübhə ilə yanaşıram. Düşünürəm ki, məsələ yenə də geosiyasətdədir. Ehtimal edirəm ki, iş Ermənistanı bu layihəyə qoşmağa çalışan ABŞ-da fəaliyyət göstərən erməni lobbisindədir. Türkiyəni Ermənistanın və bütün Cənubi Qafqazın dəmir yolları ilə birləşdirən Qars-Gümri dəmir yolu məlum səbəblərdən işləmir. Bundan başqa, Ermənistan Türkiyə və Gürcüstana öz ərazisindən keçərək bu dövlətlər üçün heç bir rüsum almadan yükdaşıma təklif etmişdi, Türkiyə etiraz etmirdi, amma ərazisinin 20%-ni itirmiş Azərbaycan və Gürcüstan bununla razılaşa bilməzdilər. Üstəlik, Ermənistanın bu layihəyə birləşməsi, onun geosiyasi mahiyyətinin itməsi demək idi. Amma magistralın Azərbaycan və Gürcüstanın milli maraqları zəminində tikildiyini fərz etmək lazım deyil, əsas məqsəd Rusiyanın geoiqtisadi layihələrdən geosiyasi istisna edilməsidir. Bu aspektdə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə münasibətini dəyişərsə, yeni geosiyasi hadisələrin inkişafı mümkündür.

– Cənubi Qafqazda baş verən münaqişələr BTQ layihəsinin ləğv edilməsi cəhdinə alət ola bilərmi? Və istənilən halda regionda münaqişələrin gərginləşməsi bu layihənin realizəsinə təsir edə bilərmi?  

– Münaqişələr birdən yaranmır, bu gün beynəlxalq münasibətlərdə münaqişələr dövlətlərin geosiyasi məsələlərini həll edir. Erməni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əvvəldən məhz geosiyasi maraqlarla yaradılmışdı. Əgər hər hansı bir dövlətə geosiyasi məsələlərini həll etmək üçün müharibə lazım gələrsə, bu müharibə olacaq, amma layihə zamanla mütləq həyata keçəcək.

– Yeri gəlmişkən, hansısa mənada BTQ dəmir yoluna alternativ hesab edilən, Gürcüstandan Rusiyaya istiqamətlənən dəmir yolunun tikiləcəyi barədə təzadlı informasiyalar daxil olur. Ruslar və ermənilər abxaz separatçıları ilə layihənin həyata keçirilməsinə dair prinsipial razılığın əldə olunmasını iddia etsələr də, Tbilisi bunu təkzib edir. Bu layihənin yaxın gələcəkdə həyata keçirilməsi nə dərəcədə realdır?  

– Əgər Moskvada başlarını işlətsəydilər, Gürcüstanda (Abxazetiya əyalətində) dəmir yolunun bərpasına ehtiyac qalmazdı. Əgər Rusiya Dağlıq-Qarabağda, Suxumi və Sxinvalidə müharibə törətməsəydi, biz bu gün yeni dəmir yolunun tikilməsi barədə düşünməzdik. İşğal edilmiş Abxazetidə 20 il ərzində Rusiya heç bir şey tikməyib, indi isə təhlükə yaranan zaman özünün yaratdığı vəziyyətdən uşaqsayağı reveranslar ilə çıxmaq istəyir. Amma Abxazeti Gürcüstan ilə birləşməyənə qədər dəmiryolu magistralının açılmasından söhbət gedə bilməz!

 

www.oxu.az