«Laçın qədim Azərbaycan diyarıdır» mövzusunda Dəyirmi Masa keçirildi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi ilə birgə “Laçın qədim Azərbaycan torpağıdır” mövzusunda dəyirmi masa keçirib.
APA-nın məlumatına görə, Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Qədir Nəsirov “Laçının işğalı nəticəsində Azərbaycana vurulmuş ziyan” mövzusunda məruzə edib. O, müharibəyə qədər bu rayonda 63 min azərbaycanlının yaşadığını deyib: “Ermənistanın işğalı zamanı Azərbaycana məxsus 1 şəhər, 1 qəsəbə və 125 kənd dağıdılıb, 34.877 hektar nadir ağac meşəsinin böyük hissəsi kəsilərək xarici ölkələrə material kimi satılıb. Ümumilikdə isə Ermənistan tərəfindən dağıdılma və talan nəticəsində Azərbaycan dövlətinə 7 099 526 500 ABŞ dolları məbləğində ziyan dəyib”. Azərbaycan Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “Laçının işğalına dair erməni planı və onun həyata keçirilməsi” mövzusunda çıxış edib. Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən rayonun bölgədə böyük strateji əhəmiyyəti var idi və Laçından keçən yol Qarabağıda yaşayan separatçı erməniləri Ermənistanla birləşdirdi. O, rayonun xüsusi əməliyyat nəticəsində işğal edilməsinə də diqqəti çəkib: “Ermənistanın xüsusi hərbi korpusu tərəfindən aparılan əməliyyat zamanı Laçın şəhəri və rayonun iri yaşayış məskənləri işğaldan bir neçə gün əvvəldən mütəmadi atəşə məruz qalıb. Amma Ermənistan hərbi əməliyyatların onlar tərəfindən aparılmadığını iddia edir və beynəlxalq ictimaiyyəti öz yalanları aldatmağa çalışır. Əslində Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər və bütün digər rayon və qəsəbələr Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib”. Sonda dəyirmi masa iştirakçıları adından beynəlxalq qurumlara müraciət edilib. Müraciətdə Ermənistanın Azərbaycanın işğal altında olan rayonlarından qeyri-şərtsiz çıxması və bu istiqamətdə aparılan danışıqlarda beynəlxalq qurumların düzgün mövqe tutması tələb olunub. /APA/