“Məcburi köçkünlərin böyük qayıdışı layihəsi demək olar ki, hazırdır. Layihə artıq müxtəlif nazirliklər, dövlət komitələri və beynəlxalq təşkilatlarla razılaşdırılıb”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Layihənin həyata keçirilməsinin işğal altındakı Azərbaycan torpaqlarının nə vaxt geri qaytarılacağından asılı olduğunu vurğulayan Ə. Həsənov bildirib ki, sənəddə bütün aspektlərin, o cümlədən işğal olunmuş rayonların iqtisadiyyatının gələcəkdə ölkə iqtisadiyyatı ilə əlaqələndirilməsinin də öz əksini tapdığını bildirib. Komitə sədri layihəyə konkret nə qədər maddi vəsait sərf olunacağını söyləməkdə çətinlik çəksə də, təxminən 62 milyard dolların lazım olacağını gizlətməyib. Dəqiq rəqəm yalnız beynəlxalq təşkilatlarla birlikdə keçiriləcək monitorinqdən sonra müəyyənləşəcək. Ə. Həsənov ABŞ, Avropa Birliyi, Dünya Bankı və bir sıra beynəlxalq humanitar qurumların layihəyə maraq göstərdiklərini vurğulayıb.