Millət vəkili ATƏT-in Minsk qrupuna üzv dövlətləri susmaqda ittiham etdi

“Bu gün Qarabağ məsələsində Minsk qrupunun üzvü olan dövlətlər susurlar…

“Bu gün Qarabağ məsələsində Minsk qrupunun üzvü olan dövlətlər susurlar. Görəsən onların öz əraziləri işğal olunsaydı, susardılarmı? ” Trend xəbər verir ki, bunu Milli Məclisin üzvü Flora Qasımova Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Millət vəkili qeyd edib ki, bu gün dünya dövlətləri təcavüzkarı öz adıyla çağırmırlar deyə, onlar da şirnikirlər. Azərbaycanın işğal olunmuş torpaqları ermənilər tərəfindən istismar olunur, onun yeraltı və yürüstü sərvətləri işğalçı Ermənistana daşınır.

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə və bacarıqsızlıqda ittiham edən millət vəkilinin fikrincə, Azərbaycan dövləti və xalqı heç kimdən heç nə gözləməməli, öz torpaqlarının azad edilməsinə hazır olmalıdır: “Bizim öz torpaqlarımızı azad etməyimizə cəsarətimiz çatacaq. Bunun üçün hamımız birləşməliyik. Gənclərimizi də buna hazırlamalıyıq. Mən inanıram ki, biz o torpaqlara qayıdacağıq “.

/Trend/