MÜRACİƏT

Beynəlxalq aləmə məlum olduğu kimi, Azərbaycanın ərazilərini ələ keçirməklə mifik «Böyük Ermənistan» yaratmaq arzusunda olan Ermənistanın yürütdüyü təcavüzkar siyasət iki qonşu respublika arasında elan olunmamış müharibəyə gətirib çıxarmışdır. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı, həmçinin Laçın və Kəlbəcər rayonlarını ələ keçirdikdən sonra Ermənistanın silahlı birləşmələri 15 il əvvəl, 1993-cü il iyulun 7-də Ağdərə, iyulun 23-də isə Ağdam rayonlarını işğal etmişlər.

İşğala qədər ərazisi 1705 kvadrat kilometr olan Ağdərə rayonunun 14 kəndində 14 mindən artıq azərbaycanlı yaşayırdı. Erməni silahlı dəstələrinin işğalı zamanı rayonun onlarla dinc sakini həlak olmuş, 167 nəfər itkin düşmüş, 39 nəfər isə əsir götürülmüşdür.

Ağdam rayonunun 1154 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri və ya təxminən 76,5 faizi erməni silahlı quldur dəstələri tərəfindən işğala məruz qalmışdır. Rayonun 122 yaşayış məntəqəsindən indi yalnız 10-u Azərbaycanın, qalanları isə Ermənistanın nəzarəti altındadır. Məkrli düşmən ələ keçirdiyi ərazilərdə mövcud olan hər şeyi, o cümlədən XIV-XVIII əsrlərə aid onlarla tarixi abidəni, 24 min 500 yaşayış binasını, 50-yə yaxın sənaye və tikinti müəssisəsini, 160 məktəb binasını, 65 səhiyyə müəssisəsini, 374 mədəniyyət ocağını, 2 muzeyi, o sıradan dünyada iki çörək muzeyindən biri olan Ağdam çörək muzeyini, çoxlu sayda məscid və başqa müqəddəs inanc obyektini, həmçinin Xaçındərbənd kəndində 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzini, Kəngərli kəndində XIV əsrə aid Türbə və Daş abidələri, Papravənd kəndində XVIII əsrə aid kümbəz və məscidi, Ağdamda İmarət adlanan yerdə XVIII əsrə aid abidələri, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun Türbələrini, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansaranı vəhşicəsinə talan etmiş, dağıtmış və ya yandırmışdır. Rayon ərazisindəki 1700 hektar meşəlikdə, 91,3 hektar kənd təsərrüfatına yararlı torpaqlarda bitki aləmi və torpaq məhv edilmiş və ya yararsız hala salınmışdır. Təxmini hesablamalara görə, işğal nəticəsində Ağdam rayonuna 6,5 milyard dollar məbləğində ziyan vurulmuşdur.

Ağdam ərazisində hərbi əməliyyatların aparıldığı dövrdə 6 min nəfər şəhid olmuşdur ki, bunların arasında ahıl insanlar, qadınlar və uşaqlar da var idi. Müharibənin acı nəticələrindən biri də budur ki, 49 nəfər ağdamlı ermənilər tərəfindən əsir götürülmüş, 139 nəfər itkin düşmüşdür.

Doğma yurd-yuvalarından qovulmuş 128 min rayon sakini respublikanın 59 rayonunda müvəqqəti məskunlaşmaqla miskin məcburi köçkün həyatını sürməyə məhkum edilmişdir.

İşğal etdikləri torpaqları əvvəl-axır tərk edəcəklərini bilən ermənilər 15 il ərzində Ağdam və Ağdərə rayonlarının nəzarət etdikləri ərazilərində dağıntılarla yanaşı torpaqların münbit qatını yararsız hala salırlar və bu çirkin əməllərini indi də davam etdirirlər. Bunlardan başqa, onlar beynəlxalq qanunları kobudcasına pozaraq, həmin zonalarda erməni əhalisinin qanunsuz məskunlaşdırılması ilə məşğuldurlar.

«15 il erməni əsarətində olan Ağdam» mövzusunda Dəyirmi Masanın iştirakçıları Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edərək, onları Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqların, o cümlədən Ağdam və Ağdərə rayonlarının Ermənistanın silahlı qüvvələrindən azad olunması, Ermənistan-Azərbaycan münaqişəsi zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının qaytarılması, itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsi üçün konkret tədbirlər görməyə çağırırlar.

Müraciət «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyinin və «Həsrət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyinin «15 il erməni əsarətində olan Ağdam» mövzusunda 22 iyul 2008-ci il tarixdə Bakı şəhərində keçirdikləri Dəyirmi Masanın iştirakçıları tərəfindən qəbul olunmuşdur.