“Azərbaycan torpaqlarının işğalı əbədi ola bilməz, münaqişənin sülh yolu ilə həlli yolu tapılmalıdır”
“Tərəflərin öz istəyi olmasa, Dağlıq Qarabağ münaqişəsinin həllinə heç kim yardım edə bilməyəcək”. APA-nın Şimali Kipr Türk Cümhuriyyətinə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycandan olan jurnalistlərlə görüşdə Lefkoşanın sabiq meri, keçmiş deputat və baş nazirin müavini Mustafa Akıncı deyib.
“Avropa İttifaqı üçün Dağlıq Qarabağ məsələsi prioritet deyil” deyən M. Akincı xatırladıb ki, Avropa İttifaqı yunan Kiprini üzvlüyə qəbul edəndə onun məqsədi münaqişəni həll etmək yox, Rusiya istiqamətində öz təsir dairəsini genişləndirmək olub: “Azərbaycan torpaqlarının işğalı əbədi ola bilməz, münaqişənin sülh yolu ilə həlli yolu tapılmalıdır. Bu mütləq balanslaşdırılmış qərar olmalıdır”.
Azərbaycanla əlaqələrin inkişafına dair sualı cavablandıran M. Akincı bildirib ki, azərbaycanlı iş adamlarının ŞKTC iqtisadiyyatına sərmayə yatırmasına çox şad olardı: “Biz istənilən investisiyalara şad olardıq. Bu investisiyaların Azərbaycandan gəlməsini insanlar çox arzulayardı. Mən bunu yalnız alqışlaya bilərəm”.
O həmçinin xatırladıb ki, hazırda Şimali Kipr Türk Cümhuriyyətində çoxlu sayda azərbaycanlı tələbələr təhsil alır./APA/