Novruz Məmmədov: Erməni pilotlar təcavüzkar siyasətin qurbanı olublar

“Onlar öz xoşları ilə ora gəlməmişdilər”…

“Onlar öz xoşları ilə ora gəlməmişdilər”.

Azərbaycan əvvəlki illərdə olduğu kimi, daxili və xarici siyasətdə uğurlarını davam etdirir. Prezidentin son səfərləri də bunu sübut edir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov qeyd edib ki, prezident il ərzində 15-ə qədər rəsmi səfər edib, 10 dəfə beynəlxalq tədbirlərə qatılıb. Onun sözlərinə görə, bu səfərlər inkişafın yeni mərhələsinin əsasını qoyub: “Azərbaycan postsovet məkanında uğurla inkişaf edən yeganə dövlətdir. Siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə əməkdaşlıqla bərabər, Azərbaycan beynəlxalq aləmdə də mövqeyini inkişaf etdirib. Digər tərəfdən, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu layihələrin həyata keçirilməsindən sonra TANAP, TAP kimi layihələrin həyata keçirilməsi yeni mərhələdir. Azərbaycan bu il beynəlxalq aləmdə də reytinqini gücləndirdi”.

N. Məmmədov qeyd edib ki, bu il Azərbaycan 10-a yaxın Avropa ölkəsi ilə strateji tərəfdaşlığa dair bəyanat və digər sənədlər imzalanıb: 

“Macarıstana səfər zamanı, bir gün sonra isə İran prezidentinin Azərbaycana səfəri zamanı bəyannamə imzalandı. Hər iki bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsi, münaqişənin zor işlədilmədən həlli aydın göstərilir. Macarıstan və İranla elə bir sahə olmadı ki, müzakirə aparılmasın, yeni addım atılmasın”.

N. Məmmədov bildirib ki, İtaliya səfəri zamanı Azərbaycan prezidenti ilə İtaliya baş naziri arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb: 

“Ümumiyyətlə, ayrılıqda Avropa İttifaqının bir çox ölkələri ilə xüsusi münasibətlərimiz var. Azərbaycan prezidenti və Macarıstan baş naziri arasında söhbətlərdə hər ikisinin milli maraqların təmin olunmasını əsas götürdüyünü müşahidə etdim. Macarıstanın baş naziri də ölkəsinin maraqlarını əsas götürdüyü üçün Avropa İttifaqı ilə aralarında müəyyən problemlər yaranır”.

O bildirib ki, bu gün Azərbaycan siyasi və iqtisadi müstəqilliyini təmin edib: “Bu gün dünyanın onlarla ölkəsində fəlakət yaşanır. Bu nöqteyi-nəzərdən Azərbaycanın beynəlxalq aləmdə bu cür nüfuzunun olması onun böyük tarixi nailiyyətidir. Azərbaycanın uğuru həm də sabitliyini, təhlükəsizliyini, bu çərçivədə özünün inkişafını təmin etməsidir”.

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov həmçinin Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə strateji əməkdaşlıq sazişi imzalanmasını təklif etməsinə də toxunub.

N. Məmmədov deyib ki, Azərbaycan milli maraqlarını əsas götürür və bütün tələblərinə cavab vermədiyi üçün Avropa İttifaqının “Assosiasiya sazişi” imzalanması təklifinə cavab verməyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Avropa İttifaqına təklif etdiyi strateji əməkdaşlıq sazişi üzərində iş gedir.

N. Məmmədov bildirib ki, dövlət başçısı Fransa, Yunanıstan, İtaliya, Macarıstan və digər ölkələrdə səfərdə olub: 

“TAP, TANAP layihələri və gələn il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu region, dünya ölkələri, həm də Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı və Avropa ölkələrinə səfərləri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın bu ruha uyğun olaraq inkişafına təkan verir. Avropa ilə əməkdaşlıq prosesi ilə bağlı Azərbaycanın xüsusi mövqeyi var. Uzun illər proseslər getdi, müəyyən məsələlərlə bağlı narazılığımızı bildirdik. Ümumiyyətlə, ayrılıqda götürəndə bizim Avropa İttifaqı ölkələrinin hər biri ilə ayrılıqda gözəl münasibətləri var. Amma Avropa İttifaqı ilə əməkdaşlıqdan söhbət gedəndə ortaya bir sıra məsələlər çıxdı və biz bu məsələlərlə bağlı xüsusi mövqeyimizi bildirdik”.

N. Məmmədov qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı normal gedir: 

“Lakin biz Avropa İttifaqına bildirdik ki, sizin təklif etdiyiniz “Assosiasiya sazişi”nin bir sıra müddəaları bizi təmin etmir, biz müstəqilliyimizi, suverenliyimizi tam qoruyub saxlamaq istəyirik. Xarici siyasət kursumuzun müstəqilliyini ona görə saxlayırıq ki, xarici siyasət kursumuz dövlətimizin, ölkəmizin, xalqımızın bütün maraqlarını qorumağa xidmət etməlidir”.

N. Məmmədov bu baxımdan Azərbaycanın Avropa İttifaqına xüsusi strateji tərəfdaşlıq sazişi imzalamağı təklif etməsinin təsadüfi olmadığını vurğulayıb: 

“Necə olur ki, Avropa İttifaqının hər bir ölkəsi ilə gözəl əməkdaşlıq edə bilirik? Avropa İttifaqı ilə də belə əməkdaşlıq qurulmasını istəyirik. Azərbaycan onsuz da hər mənada xüsusi ölkədir, əməkdaşlığımız da belə olsun, xüsusi strateji tərəfdaşlıq sazişi imzalansın. Düzdür, əvvəlcə Avropa İttifaqında bu təklifə bir qədər fərqli münasibət göstərdilər, amma görürlər ki, bu addım ən düzgün variant, ən düzgün seçim ola bilər”.

Prezident Administrasiyası rəhbərinin müavini cəbhədə vurulan düşmən helikopterindən də danışıb.

N. Məmmədov bildirib ki, erməni pilotlar Ermənistan rəhbərliyinin avantürist, təcavüzkar siyasətinin qurbanı olublar: 

“Onlar öz xoşları ilə ora gəlməmişdilər. Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq düzgün deyil”.

N. Məmmədov mürəkkəb proseslərin getdiyini qeyd edib: “Son bir neçə ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivlik müşahidə olunub. Uzun fasilədən sonra beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupu həmsədrlərinin məsələyə diqqəti artıb. Bu istiqamətdə müəyyən addımlar atılıb. Azərbaycan prezidenti Rusiya prezidentinin iştirakı ilə Soçidə Ermənistan prezidenti ilə görüş keçirdi, bu, münaqişənin həlli istiqamətində bir təşəbbüs, bir addım idi. Daha sonra belə bir görüş ABŞ dövlət katibinin təşəbbüsü ilə Böyük Britaniyada NATO sammitində oldu. O görüşdə də geniş müzakirə aparıldı. Bir qədər əvvəl isə Fransa prezidentinin təşəbbüsü ilə Parisdə geniş fikir mübadiləsi aparıldı. Məqsəd o idi ki, necə edək ki, irəliyə doğru addım ataq”.

N. Məmmədov vurğulayıb ki, bütün səylərə baxmayaraq, Ermənistan tərəfi hansı yolla, vasitə, taktika ilə olursa olsun, indiki “status-kvo”nu saxlamaq istəyir, bunun üçün də müxtəlif bəhanələrə, yalanlara, böhtanlara əl atır: 

“Bu, təzə şey deyil. Ermənistan tərəfi son illər dəfələrlə belə addımlar atıb. İlk dəfə açıqlayıram, Kazan görüşü zamanı Ermənistan prezidenti Rusiya prezidenti ilə razılaşdı ki, danışıqlarla bağlı balaca mətn yazılsın ki, danışıqlar gərgin keçdi, müzakirələr aparıldı, nəticə əldə olunmasa da, görüşləri davam etdirmək vacib, labüddür. Görüşdən sonra Rusiya rəhbərliyi tərəfindən də görüşlə bağlı belə bəyanat yayıldı. Ancaq yarım saat sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, görüş keçirildi, Azərbaycan rəhbərliyi münaqişəni həll etmək istəmir. Həmin anda dünya bu görüşün nəticələrini gözləyirdi və onlar dünya birliyində Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutmaması fikrini formalaşdırmağa çalışdılar. Belə addımları çox atıblar. Yaxud Soçi görüşündən bir həftə əvvəl təmas xəttində hadisə oldu, cavabını da aldılar. Nəhayət, Fransada görüş keçirildi. Nəzərə çarpan irəliləyişlər olduğunu qeyd edə bilmərəm, amma ətraflı danışıqlar aparıldı. Görüşdən çıxandan sonra Serj Sarkisyan və Edvard Nalbandyan danışıqlardan razı qaldıqlarını söylədilər. Lakin 5-10 gün sonra Qarabağda provokasiya xarakterli hərbi təlimlər keçirməyə başladılar. Fikirləşdilər ki, Azərbaycan hərbi təlimlə bağlı böyük hay-küy qaldıracaq, Ermənistan da deyəcək ki, günahkar deyillər, Azərbaycan danışıqların ruhunu pozmaq üçün belə edir. Amma biz bunu başa düşdük”.

N. Məmmədov Ermənistanın artıq ölçü hissini itirdiyini, sağlam düşüncə ilə addım ata bilmədiyini vurğulayıb: “Ermənistan hansı hüquqla işğal etdiyi Azərbaycan ərazisində hərbi təlim keçirə bilər? Dağlıq Qarabağdakı qondarma qurum hərbi təlim keçirirsə, yaxud Ermənistanla birlikdə keçirirsə, bunu hansı hüquqla edir? Bu, əsas məsələdir. İstədilər ki, təxribata əl atmaqla hər şeyi Azərbaycanın üzərinə atsınlar, ancaq ölçü hissələrini o qədər itiriblər ki, Ağdamda, təmas xətti üzərində hücum nümayiş etdirən uçuşlar keçirirlər. Bu uçuş bir dəfə olsaydı, dözmək olardı, amma bir neçə dəfə olub. Belə olan halda əlbəttə ki, həmin hərbi vertolyot vurulmalı idi. Bu addımlar beynəlxalq hüququn kobud şəkildə pozulması, kimlərəsə arxalanmaq deməkdir, paylarını aldılar. Bilsinlər ki, Azərbaycan dövləti onların belə addımlarına cavab verməyə hazırdır”.

N. Məmmədov deyib ki, bir sıra ölkələr və qurumlar hadisə ilə bağlı tamam yalan, böhtan xarakterli məlumatlar yayıb: “Hətta “Euronews” telekanalının müxtəlif dillərdə gedən məlumatlarının bəziləri normal oldu, bəzi məlumatları dəyişdilər. Məqsəd nədir? Yaxud bir sıra ölkələr özünü beynəlxalq hüququn keşikçisi kimi göstərir, niyə bu hərbi təlimlə bağlı mövqe bildirmirlər? Əslində, Minsk Qrupunun həmsədrləri bu münaqişə ilə bağlı proseslərdə beynəlxalq hüququn təmsilçiləri olmalıdırlar. Bunu ortaya qoysunlar. Həmsədrlər desinlər ki, Ermənistanın işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirmək hüququ vardımı? Necə olur ki, hansısa ölkədə hərbi təlim keçiriləndə Avropa ölkələrində jurnalistlərindən, QHT-dən tutmuş dövlət rəhbərlərinə qədər gecə-gündüz yatmırlar, belə hərbi təlimlərin təhdid olduğunu bəyan edirlər, bizə münasibətdə niyə bunu demirlər? Bəlkə düşünürlər ki, Ermənistanın keçirdiyi hərbi təlimlər Azərbaycanın təhlükəsizliyinə, sabitliyinə, ərazi bütövlüyünə təminat verir? Təəssüflər olsun ki, ədalətsizlik göz qabağındadır”. 

www.oxu.az