Rusiya ordusu üçün yeni “Kalaşnikov” avtomatı

AK-12…

AK-12.

Rusiya ordusunun yeni silahlarla təchiz olunması prosesi son illər sürətlənib.

Oxu.Az xəbər verir ki, rəsmi Moskva ordusunun raketləri, tank və topları ilə yanaşı, piyadaların atıcı silahlarını, o cümlədən də məşhur “Kalaşnikov” avtomatını yeniləmək niyyətindədir.

Hazırda davam edən silah seçimi müsabiqəsinə təqdim olunan yeni AK-12 avtomatının digərlərindən fərqi  (“Avtomat “Kalaşnikova” obraztsa 2012”) əvvəlki AK-74, AK-74M, AKM kimi avtomatlarla müqayisədə daha erqonomik olmasıdır.

Yeni silah daha dəqiq atır, daha etibarlıdır, iş resursu daha çoxdur. Avtomatın çapı 5,45 x 39 mm olaraq qalır. Lakin planlara görə, yeni AK 5,56×45 mm NATO patronları, həmçinin 7,62×39 mm və 7,62×51 mm patronlardan atəş açmaq üçün də hazırlana bilər.

Yeni silah daha müasir nişangah, daha keyfiyyətli lülə ilə təmsil olunub. Silaha lüləaltı qumbaraatan da quraşdırmaq olar.  

Yeni silahda AK-74 yaxud AKM-in 30 patronlu standart daraqlar, yaxud 60 patronlu perspektivli dördsıralı qutuşəkilli daraqlardan istifadə oluna bilər.

Silahın atış tempi dəqiqədə 650 atəşə bərabərdir. Güllənin başlanğıc sürəti 900 m/s təşkil edir.

AK-12 ilə 1000 metr məsafədəki hədəfləri nişan almaq olar.

/Oxu.az/