Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq iştirakın genişləndirilməsinə çağırır

Qazaxıstan ATƏT-in Minsk qrupunun, Azərbaycan və Ermənistan hökumətlərinin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həlli yolunun tapılmasında göstərdikləri səyləri dəstəkləyir. Bunu Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov Vilnüsdə ATƏT XİNŞ-də bildirib. Trend-in məlumatına görə, bu barədə qurumun saytı məlumat verib.
“Biz transmilli təhdidlər kontekstində danışıqların iştirakçıları ilə beynəlxalq institutların və vasitəçilərin əməkdaşlığının genişləndirilməsini xüsusi vurğulayırıq “, – Kazıxanov deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.