Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Litvanın səylərini dəstəkləyir – Prezident

Qazaxıstan həlli yubanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllində ATƏT-in sədri kimi Litvanın səylərini dəstəkləyir. Bu barədə Prezident Nursultan Nazarbayev litvalı həmkarı Dalya Qribauskayte ilə görüşündə deyib.
“Litva ATƏT-ə sədrliyi dövründə bu məsələlərlə məşğul olan Qazaxıstanın təşəbbüslərini davam etdirir “, – Nazarbayev deyib.
Onun sözlərinə görə, Litvanın ATƏT-ə sədrliyi yaxşı varislikdir və 2010-cu ilin dekabrında ATƏT-in Astana sammitində irəli sürülən ideyalar davam etdiriləcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.