“Tarixi şəxsiyyətlər” jurnalının Özbəkistana həsr edilən nömrəsinin Daşkənddə təqdimatı olub

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Prezident Şavkat Mirziyoyevə və Özbəkistana həsr olunan “Tarixi şəxsiyyətlər” jurnalının təqdimat mərasimini keçirib.

Xatırladaq ki, Bakıda çap olunan “Tarixi şəxsiyyətlər” jurnalı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi 2019-cu ildə “İlin adamı” elan edib.

Tədbirdə Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, nazirlər, deputatlar, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Mərasimi Hüseyn Quliyev açaraq bildirib ki, Özbəkistan vətəndaşlarının həyatında baş verən köklü dəyişikliklər bilavasitə Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatlarla bağlıdır. Ötən il Özbəkistanın həyatında daha bir köklü dəyişiklik baş verib. Belə ki, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olub. Özbəkistanın bu təşkilata üzv olması gələcəkdə türk dövlətlərinin möhkəmlənməsinə, dünyada baş verən siyasi, iqtisadi sarsıntılara birgə sinə gərməyə xidmət edəcək.

Səfir vurğulayıb ki, Özbəkistanın Naxçıvan sazişini paraflaması və Türk Şurasına üzv olması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Dövlətlərimizin xarici siyasətində Azərbaycanla Özbəkistan arasında dostluğun və qarşılıqlı inamın möhkəmlənməsi ön plandadır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurası çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib: “Başlıcası, Siz Özbəkistanın həmişə – əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik”.

Səfir deyib ki, Özbəkistanın dünya miqyasında siyasi və iqtisadi nüfuzunun yüksəldilməsi sahəsindəki böyük əməyinə, Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərinin inkişafı istiqamətindəki xidmətlərinə görə Bakıda çap edilən “Tarixi şəxsiyyətlər” jurnalının redaksiya heyəti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi 2019-cu ildə “İlin adamı” elan edib.

Əbdüləziz Kamilov Şavkat Mirziyoyevin 2019-cu ildə “İlin adamı” elan olunması ilə bağlı Hüseyn Quliyevə və jurnalın baş redaktoru Xəlil Qarəhmədova minnətdarlıq edib. O deyib ki, bu, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlara, açıq və səmərəli xarici siyasət kursuna verilən yüksək qiymətdir.

Nazir deyib: “Xüsusi qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində Azərbaycanın böyük oğlu Heydər Əliyevin əvəzolunmaz xidmətləri olub. Hazırda isə görkəmli dövlət xadimi, Özbəkistanın yaxın dostu, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir”.

Nazir vurğulayıb ki, dövlətlərimizin liderləri xalqlarımız arasında mənəvi dəyərlərin, milli adət-ənənələrin, dil və mədəniyyətlərimizin oxşarlığına əsaslanaraq açıq və etibarlı dialoq yaradıblar.

Sonra Hüseyn Quliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “İlin adamı” seçilməsi münasibətilə diplomu Əbdüləziz Kamilova təqdim edib.

Xəlil Qarəhmədov bildirib ki, 2006-cı ildən çap olunan “Tarixi şəxsiyyətlər” jurnalı ənənəyə görə dünya liderləri, o cümlədən ictimai-siyasi xadimlər arasında hər il “İlin adamı”nı müəyyənləşdirir. 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 2018-ci ildə isə Rusiya Prezidenti Vladimir Putin jurnal tərəfindən “İlin adamı” seçiliblər.

AZƏRTAC