Vergi borcun varsa – avtomobili həbs edərlər

“Biz bu üsul ilə milyonlarla manat dövlət vəsaitinin alınmasını təmin etmişik”…

“Biz bu üsul ilə milyonlarla manat dövlət vəsaitinin alınmasını təmin etmişik”.

 

Azərbaycanın Vergilər Nazirliyi vergi borcu olan fiziki şəxslərdən borcların alınması üçün optimal yol tapıb, borc belə şəxslərin avtomobillərinə yönəldilərək onun alınması təmin edilir.

 

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, məlumata görə, Vergilər Nazirliyində 2013-cü ilin yekunları və 2014-cü ildə görüləcək işlərə həsr olunmuş mətbuat konfransında vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib ki, vergi borclarının fiziki şəxslərin minik avtomobillərinə yönəldilərək alınması geniş vüsət alıb:

 

“Biz bu üsul ilə milyonlarla manat dövlət vəsaitinin alınmasını təmin etmişik. Fiziki şəxslərin dövlət büdcəsinə borcu yaranır, biz bunu Dövlət Yol Polisi ilə informasiya mübadiləsi etməklə sahibliyində olan avtomobillər haqqında informasiyanı alıb ona vergi borclarını yönəldirik. Bu halda vergi ödəyicilərinin çoxu borcun ödənilməsinin vacibliyini başa düşür və onu ödəyir. Ödənilmədiyi halda avtomobil siyahıya alınır və vergi borcu üçün satılır. Borcların alınmasında optimal variantlardan biri bu olub”.

 

Bundan başqa, borclu vergi ödəyicilərinin borclarının bağlanılması üçün əmlaklarının ixtisaslaşdırılmış açıq hərraclarda satılması, hüquqi şəxslərin iştirak paylarının vergi borcuna yönəldilməsi və ölkədən getmə hüququnun ləğvi üsullarından da geniş istifadə olunur.

 

Qeyd edək ki, 1 fevral 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 544 min 981 nəfər təşkil edib. Ümumi vergi ödəyicilərinin təxminən 3,4 faizinin dövlətə vergi borcu var.

 

/oxu.az/